Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:06

Beynəlxalq Böhran Qrupu Bakıya embarqo ehtimalından danışır<p align=`left`><br><br>


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" «Beynəlxalq ictimaiyyət Azərbaycan prezidenti İlham Əliyevə aydın başa salmalıdır ki, qarşılıqlı münasibətlər ideal demokratiyaya doğru addımlardan asılıdır». Bu, Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycanda parlament seçkisinin nəticələrilə bağlı noyabrın 21-də yaydığı hesabatındandır: «Azərbaycanda iqtidaryönlü partiyaların səs çoxluğu qazandığı seçkilər yenə də beynəlxalq standartlara cavab vermədi. Müxalifət buna etiraz edərək, küçə nümayişləri təşkil etdi, məhkəməyə şikayətlər verdi. Prezident İlham Əliyev islahatlar vəd etsə də, onun bu yöndə hərəkətləri məqsədli olaraq qalır. Əgər hazırkı nəticələr təsdiq olunsa, Azərbaycanda güclü islahatyönlü parlament olmayacaq. Seçkilər post-sovet avtokratiyasından demokratik gələcəyə cəsarətli addım yönündə itirilmiş imkan oldu».



Qurum bildirir ki, neftlə zəngin Azərbaycan noyabrın 6-da demokratiya və islahatlara sadiqlik nümayiş etdirə bilmədi. BBQ növbəti bir neçə həftə ərzində bəzi addımların atılmasını da təklif edir:



1. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilər, namizədlər, siyasi partiyalar və müşahidəçilərdən alınmış şikayətlərə baxmalıdır.

2. Müxalifət seçki pozuntularına baxılmasıyla bağlı bütün qanuni vasitələrdən istifadə etməlidir.

3. Yerli İcra Hakimiyyəti başçıları sərbəst toplaşma azadlığına, etiraz aksiyalarına icazə verməlidir.

4. Prezident Əliyev nəticələr ləğv olunan dairələrdə təkrar seçkinin vaxtını təyin etməli, Venesiya Komissiyası və ATƏT-in Seçki Məcəlləsinə iradlarının həllini əks etdirən fərman verməlidir. O, həmçinin seçki prosesinə qeyri-qanuni müdaxilə edən icra başçılarını işdən azad etməlidir.



BBQ beynəlxalq ictimaiyyəti seçki məsələləri ilə bağlı təzyiqi davam etdirmək üçün Bakıda operativ səfirlik yaratmağa çağırır: «Beynəlxalq aləm MSK və məhkəmələri şikayətlər barədə ədalətli qərar verməyə çağırmalıdır».



Qurumun mövqeyinə görə, əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır.



Yeni Azərbaycan Partiyasının nümayəndəsi Aydın Mirzəzadə isə, deyir ki, Azərbaycanın BBQ kimi ictimai birlik qarşısında heç bir öhdəliyi yoxdur ki, onun tövsiyələrini də nəzərə alsın. O, bir neçə gün əvvəl «Human Rights Watch», indi isə BBQ-nin hökumət üçün tövsiyələr irəli sürməsini həmin qurumların ölkənin seçki praktikasında edilən dəyişikliklərdən xəbərsiz olmasıyla izah edir.



Müstəqil politoloq Zərdüşt Əlizadə isə, bu fikirdədir ki, beynəlxalq təşkilatların mütəmadi çağırışları Azərbaycanın dünyada mövqeyini zəiflədə və ona təzyiqləri artıra bilər.
XS
SM
MD
LG