Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Hərə özünə sərf edəni eşidir


Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər Beynəlxalq təşkilatların dediyini hərə özünə sərf edən şəkildə yozur



Həm iqtidar, həm də müxalifətin xarici müşahidəçilərin seçkiyə verdiyi qiymətə dair yozumu əsaslı görünür. Yəni əslində, hər iki tərəfin istinad etdiyi məqamlar müşahidəçilərin bəyanatlarında əks olunub.



Prezident İlham Əliyev beynəlxalq müşahidəçilərin işini təqdirəlayiq hal kimi qiymətləndirib. Rəsmi informasiya agentliyi olan "AzərTAc" Amerika Dövlət Departamenti sözcüsünün müavini Adam Erelinin seçkidən bir gün sonra keçirdiyi brifinqdə dediklərini qısa ixtisarla dərc edib.



Bu brifinqdə Adam Ereli seçkidə qanun pozuntuları barədə məlumatlara toxunub, ancaq eyni zamanda bildirib ki, Birləşmiş Ştatlarla Azərbaycanın əlaqələrinin geniş dairəsi var.



MDB, Türkiyə və İran müşahidəçilərinin seçkiyə verdiyi qiymətin ümumilikdə müsbət olması isə müxalifətin narazılığına səbəb oldu. ATƏT, AŞPA, NATO Parlament Assambleyası və Avropa Parlamenti nümayəndələrindən ibarət Beynəlxalq Müşahidə Missiyasının ilkin hesabatı isə iqtidarın etirazını doğurdu. Daha doğrusu, prezidentin mətbuat katibi bildirdi ki, bəyanatın tərcüməsində səhvə yol verilib, seçkinin beynəlxalq standartlara uyğun gəlməməsi barədə deyilən cümlə səhv tərcümə olunub.



Amma əlbəttə ki, seçkinin qiymətləndirilməsinə dair ən dəqiq ifadələr rəsmi sənədlərdə əks olunub. Beynəlxalq Müşahidə Missiyasının bəyanatında deyilir ki, parlament seçkisi bir sıra beynəlxalq standartlara, ATƏT, AŞ öhdəliklərinə uyğun gəlməyib. ATƏT-in DTİHB-nun İnternet saytına qoyulmuş pres-relizin başlığı isə belədir: "Azərbaycanda seçkilər bəzi irəliləyişlərə baxmayaraq, beynəlxalq standartlara cavab vermədi".



Politoloq Rasim Musabəyovun fikrincə, ikili yozum əslində, elə hesabatların özündən irəli gəlir. Bütün hesabatlarda əvvəlcə qanunvericilik sahəsində irəliləyişlər, barmaqlara mürəkkəb vurulması, ekzit-polların tətbiqi alqışlanır. Ancaq eyni zamanda icra hakimlərinin seçkiyə müdaxiləsi, seçki komissiyalarının iqtidarın nəzarətində qalması tənqid olunur.



Politoloqun dediyinə görə, seçkiyə verilən ikibaşlı qiymət siyasi oyun üçün əsas yaradır:



"Bu qiymət müəyyən bir alver üçün əsas yaradır. İndi söhbət ondan gedir ki, neçə dairədə seçki ləğv olunacaq, saxtakarlığı edən şəxslər cəzalandırılacaq, yoxsa yox. Bu çəkişmələrin nəticəsində ola bilsin ki, iqtidar öz istəyinə nail olsun. Yəni parlamenti öz nəzarətində saxlamaqla dünya arenasında özünü izolyasiyaya salmasın".



"Gün səhər" qəzetindən Qabil Abbasoğlu isə bildirir ki, xarici müşahidəçilərdən bircə ATƏT və Avropa Şurası nümayəndələrinin verdiyi qiyməti obyektiv saymaq olar.



Qabil Abbasoğlunun fikrincə, xarici müşahidəçilərin bəyanatı daha da sərt ola bilərdi. O deyir ki, əslində, Dövlət Departamentinin bəyanatında hakimiyyətin tənqidinə daha çox yer ayrılıb və hakimiyyət ondan elə də feyziyab olmamalıydı:



"Hakimiyyət məsələnin kəskin tərəflərinin olduğunu özü üçün qəbul edir, ancaq təbliğatda özünü o yerə qoymur. Seçki və icra strukturlarına da tapşırıq bu şəkildə verilib ki, rəyin iqtidar üçün mənfi olduğunu hiss etdirməyə çalışmasınlar".



ABŞ Dövlət Departamenti sözcüsünün köməkçisi Adam Ereli noyabrın 8-də keçirdiyi brifinqdə Azərbaycandakı parlament seçkisinə bir daha münasibət bildirib. O, hökumətin seçkidə qanun pozuntularını araşdırmasından razı qaldıqlarını deyib, ancaq daha çox iş görmək lazım gəldiyini də vurğulayıb.
XS
SM
MD
LG