Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 17:36

MDİ seçkini müşahidə etməyəcək<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatın proqram direktoru Tom Barri: «Rəsmi dairələr dəvətnamə göndərəcəklərinə söz versələr də, sənəd bizə yalnız iki həftə əvvəl çatıb. Belə vaxt azlığı isə rəsmi nümayəndə heyətinin təşkil olunmasına imkan vermir» ABŞ-ın Beynəlxalq Məsələlər üzrə Milli Demokratiya İnstitutu (MDİ) Azərbaycandakı parlament seçkisini müşahidə etmək üçün nümayəndə heyəti göndərə bilməyəcək. Bunun səbəbi Azərbaycan hökumətinin bu beynəlxalq quruma seçkini müşahidə etmək üçün dəvətnaməni vaxtında göndərməməsidir.



Bu barədə MDİ-nin prezidenti Kennet Volakın Xarici İşlər naziri Elmar Məmmədyarova oktyabrın 31-də göndərdiyi məktubda bildirilir. «Azadlıq» radiosunun əldə etdiyi həmin məktubda deyilir: «Biz hökumətin seçkiyə iki həftə qalmış dəvətnamə göndərməsini yüksək qiymətləndirsək də, sizin məktubunuz bizim institutda beynəlxalq standartlara və prinsiplərə cavab verəcək nümayəndə heyətinin təşkil olunmasına kifayət qədər vaxt vermir».



MDİ-nin Bakıda səfərdə olan proqram direktoru Tom Barri «Azadlıq» radiosuna müsahibəsində deyir ki, təşkilatın İdarə Heyətinin sədri, keçmiş Dövlət katibi Madlen Olbrayt bu ilin iyul ayında Azərbaycanda olarkən quruma dəvətnamənin verilməsi üçün müraciət etmişdi: «Rəsmi dairələr dəvətnamə göndərəcəklərinə söz versələr də, sənəd bizə yalnız iki həftə əvvəl çatıb. Belə vaxt azlığı isə rəsmi nümayəndə heyətinin təşkil olunmasına imkan vermir». Lakin buna baxmayaraq, cənab Barri bildirir ki, MDİ beş nümayəndəsinə müşahidəçi statusu verilməsi üçün hökumətə müraciət edib. Onun sözlərinə görə, bəzi yerli mətbuat orqanları institutun seçkini müşahidədən imtina etməsi barədə xəbər yayıb ki, bu da həqiqətəuyğün deyil.



MDİ-nin prezidentinin məktubunda həmçinin bildirilir ki, ATƏT-in seçkini müşahidə qaydalarında bu təşkilata üzv olan ölkəyə beynəlxalq müşahidəçilərə üç aydan gec olmayaraq dəvətnamə göndərmək tövsiyə edilir.



MDİ 2003-cü ildə keçirilən prezident seçkisinə müşahidəçi kimi buraxılmamışdı.



Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə deyir ki, nazir Elmar Məmmədyarovun imzası ilə dəvətnamə qanunvericilikdə icazə verildiyi kimi müşahidəçilərin qeydiyyatı hələ başa çatmamış göndərilib.



Şəqri Avropada Demokratiya İnstitutunun direktoru İrena Lasota da Azərbaycandakı seçkini Vaşinqtondan müşahidə etməli olacaq. Xanım Lasotanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, onun üç həftə öncə Bakıya gəlmək üçün etdiyi viza müraciətinə Azərbaycanın Vaşinqtondakı səfirliyi oktyabrın 31-də rədd cavabı verib.



İ.Lasota bunu siyasi motivlərlə bağlayır. Bildirir ki, onun başçılıq etdiyi nümayəndə heyəti 2003-cü ildəki prezident seçkisinin azad və ədalətli keçməməsi barədə bəyanatla çıxış etmişdi. O, parlament seçkisinə müstəqil müşahidəçi kimi buraxılmamasını da bununla əlaqələndirir: «Azərbaycan hökumətinin beynəlxalq müşahidəçilərə münasibətdə nümayiş etdirdiyi ayrı-seçkilik onu göstərir ki, hökumət ünvanına səslənə biləcək tənqidi qiymətdən özünü bu cür sığortalamağa çalışır».



Xarici İşlər Nazirliyinin rəsmisi Tahir Tağızadə isə bu məsələnin detalları ilə tanış olmadığını bildirir. O, eyni zamanda deyir ki, vizanın verilib-verilməməsi hər bir suveren dövlətin öz səlahiyyətidir.
XS
SM
MD
LG