Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:43

Müsavatdan axın


Səs: Real audio
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 26-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni prezident İlham Əliyevə telefonla zəng edib. Müsavatın İbrahim İbrahimli, Rasim Musabəyov kimi tanınmış simaları partiyanı tərk edib



Daha doğrusu, zərurət qarşısında qalıb tərk ediblər. Çünki onlar "Azadlıq" blokundan kənar namizədlərdir, öz dairələrində blokun vahid namizədlərinə problem yarada bilərlər. Ona görə də blok istəyir ki, onlar bu seçkilərdə partiya üzvü kimi yox, bir fərd kimi iştirak etsinlər.



İbrahim İbrahimli deyir ki, o, əqidədaşlarını seçim qarşısında qoymamaq üçün bu addımı atıb. Onun sözlərinə görə, bu zərurət Müsavatın daxil olduğu "Azadlıq" bloku qarşısında götürdüyü öhdəlikdən irəli gəlir və o, həmin öhdəliyə hörmətlə yanaşır.



İbrahim İbrahimli deyir ki, Müsavat onun qarşısında iki tələb qoyub – ya namizədliyini AXCP-dən olan namizədin xeyrinə geri götürmək, ya da partiyadan getmək. O, da xeyli tərəddüddən sonra getmək qərarına gəlib. Cənab İbrahimlinin dediyindən belə aydın olur ki, o, əslində AXCP-dən olan namizədin onun xeyrinə öz namizədliyini geri götürəcəyini gözləyirmiş.



Müsavatdan istefa vermiş daha bir namizəd – Rasim Musabəyov isə deyir ki, "Azadlıq" bloku yarananda Müsavatdan olan müstəqil namizədlərin məsələsi barədə hər hansı yekun qərar olmamışdı. Qərara alınmışdı ki, İbrahim İbrahimli ilə onun məsələsi açıq saxlanılsın. Cənab Musabəyov deyir ki, AXCP və ADP-nin təkidindən sonra Müsavat narazılıq olmasın deyə, onların ya istefa verməli, ya da partiyadan getməli olduqlarını xatırladıb.



“Zerkalo” qəzetinin şərhçisi Azər Rəşidoğluna görə, onsuz da "Azadlıq" blokuna daxil olan partiyalar arasında ciddi narazılıqlar mövcuddur və müxalifət seçkilərdə məğlubiyyətə uğrayarsa, bu ziddiyyətlər daha da dərinləşə bilər:



"Və həmin o anda İsa Qəmbərdən soruşula bilər ki, Rasim Musabəyov kimi nüfuzlu bir politoloq nəyə görə siyahıdan kənarlaşdırılmalı idi? Və yaxud xalq hərəkatının bütün çətinliklərindən çıxmış İbrahim İbrahimlinin Müsavatın, yaxud "Azadlıq" blokunun namizədi kimi iştirak ertməməsi kimin xeyrinə idi?... Hər şey bu blokun seçkilərdən uğurla çıxıb-çıxmayacağından asılı olacaq".



"Azadlıq" blokunun Seçki Qərargahından verilən məlumata görə, AXCP və ADP-dən olan müstəqil namizədlərdən də bir neçəsi "Azadlıq" bloku qarşısında götürülən öhdəliyə uyğun addım atıb. Məsələn, AXCP-dən iki, ADP-dən isə bir nəfər blokun namizədlərinin xeyrinə öz namizədliyini geri götürüb.



Müsavatda isə rəhbərlikdə təmsil olunmayan daha dörd nəfər partiya üzvlüyündən imtina edib, iki nəfər isə namizədliyini geri götürüb.
XS
SM
MD
LG