Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Fərhad Əliyev həbs edildi


Səs: Real audio
Keçmiş nazir dövlət çevrilişinə cəhddə təqsirləndirilir Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci il 19 oktyabrda şübhəli şəxs qismində saxlanıb. Baş Prokurorluq, Mili Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin oktyabrın 20-də yaydığı xüsuksi məlumatda belə deyilir. Məlumatda bildirilir ki, son zamanlar, xüsusən də noyabrın 6-na təyin olunmuş parlament seçkiləri ərəfəsində demokratik dəyişikliklər çağırışı pərdəsi altında ölkədə ictimai-siyasi vəziyyəti qəsdən gərginləşdirmək cəhdləri, bu proseslərin məqsədyönlü şəkildə idarə olunması və qərəzli xarakter daşıması müşahidə edilir: «Daxil olan məlumatlar göstərir ki, külli miqdarda maliyyə vəsaitini talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilərək, barəsində məhkəmə tərəfindən həbs - qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev ədalət mühakiməsindən yayınmaq və antikonstitusion yollarla hakimiyyətə gəlmək məqsədi ilə ölkədəki bəzi tərəfdarlarının və müəyyən destruktiv qüvvələrin dəstəyinə arxalanaraq, parlament seçkisi ərəfəsində daha da fəallaşmış, növbəti cinayətkar əməllərə əl atmışdır».



Məlumatda daha sonra deyilir ki, Rəsul Quliyev həbsinə imkan verilməməsi üçün bu işə geniş əhali kütləsini cəlb etmək, hakimiyyətin devrilməsində maraqlı olan şəxslərlə əlaqə yaratmaq və onların maliyyə imkanlarından istifadə etmək, silahlı müqavimətədək xüsusi hazırlıq işlərinin görülməsi barədə təəssübkeşlərinə tapşırıqlar verib: «Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri qabaqlayıcı və qətiyyətli tədbirlər nəticəsində qeyd olunan qanunazidd əməllərin qarşısı alınmışdır. Müəyyən edilmişdir ki, əvvəlcədən hazırlanmış plana uyğun olaraq, cari ilin oktyabrın 17-də əhalini kütləvi surətdə Heydər Əliyev adına beynəlxalq hava limanına və ona yaxın ərazilərə toplamaq barədə intensiv və davamlı çağırışlar səsləndirilmiş, geniş təbliğat işləri aparılmışdır. Eyni zamanda, qanunazidd hərəkətlərin həyata keçirilməsi üçün ayrı-ayrı təxribat qruplarının yaradılması, onların silahlandırılması, asayişi mühafizə qüvvələrinə qarşı hücumlar edilməsi və iğtişaşların törədilməsi yolu ilə vəziyyətin dövlət qurumlarının nəzarətindən çıxarılması, son nəticədə isə hakimiyyətin zorla ələ keçirilməsi üzrə ciddi hazırlıq işləri görülmüşdür. Bu məqsədlə əhalinin hərəkət marşrutlarında və mümkün toplanış yerlərində əlavə olaraq xeyli sayda silah, döyüş sursatı, partlayıcı qurğular və maddələr də gizlədilmişdir».



Məlumatda deyilir ki, oktyabrın 17-də Bakıda təhlükəsizliyi təmin etmək məqsədi ilə hava limanına gedən yollarda yaradılmış polis postlarına Rəsul Quliyevin təəssübkeşləri tərəfindən polis postlarını yarmaq məqsədi ilə hücumlar edilmiş, polis əməkdaşlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir: «Görülmüş tədbirlər nəticəsində qarşıdurma yaradılmasına, iğtişaşlar törədilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn cəhdlərin, asayişə təhdid doğuran bütün əməllərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmışdır. Həmçinin, paytaxtın müxtəlif ərazilərində silah, döyüş sursatı, partlayıcı qurğular və maddələr də aşkar edilərək götürülmüşdür. Bundan başqa, qanunazidd hərəkətlərin qarşısının alınması zamanı hakimiyyətin zorla ələ keçirilməsi məqsədi ilə külli miqdarda maliyyə vəsaitinin ayrılması, onun iğtişaşa cəlb ediləcək qüvvələrə paylanmasına məsul əlaqələndirici şəxsin keçmiş Maliyyə naziri Fikrət Yusifov olması müəyyən edilmiş və o, oktyabrın 16-da şübhəli şəxs qismində tutulmuş və məhkəmənin müvafiq qərarına əsasən həbs edilmişdir. Cinayət işinin istintaqı ilə əlaqədar Fikrət Yusifovun mənzilində aparılmış axtarış zamanı 100.000 avro və 60.000 ABŞ dolları götürülmüşdür».


XS
SM
MD
LG