Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:35

İcazəsiz aksiyalara qatılan namizədləri nə gözləyir?


Səs: Real audio
67 deputatlığa namizəd seçki marafonundan uzaqlaşıb Qanun namizədlərə icazəsiz aksiyalarda iştirakı qadağan etmir



Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasına [MSK] icazəsiz aksiyalarda iştiraklarına görə deputatlığa namizədlərin qeydiyyatını ləğv etməyə imkan vermir. Əslində, bunun belə olduğunu MSK-da da etiraf edirlər.



Ancaq bu qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, icazəsiz aksiyalara qatılan namizədlərə xəbərdarlıq edilə bilər. Onun sözlərinə görə, əgər xəbərdarlıqlar bir nəticə verməsə, bu, deputatlığa namizədlərə qarşı daha sərt tədbirlərə əl atmaq üçün əsas rolunu oynaya bilər.



Hüquqşünas Erkin Qədirov isə deyir ki, deputatlığa namizədin qeydiyyatının ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır. Əgər belə bir hökm yoxdursa, onda namizədliyin ləğvindən danışmaq yersizdir.



Erkin Qədirov yada salır ki, Seçki Məcəlləsi namizədlərə icazəsis aksiyalarda iştirakı qadağan etmir. Çünki qanunda "icazəsiz aksiya" anlayışı yoxdur. Cənab Qədirovun sözlərinə görə, əksinə, Seçki Məcəlləsi deputatlığa namizədlərə toxunulmazlıq hüququ verir.



Deputatlığa namizəd Fuad Qəhrəmanlı deyir ki, problem təkcə icazəsiz aksiyalar zamanı onların saxlanılmasından ibarət deyil:



"Müxalifətdən olan namizədlərin plakatları qopardılır. Seçicilərlə görüşə polis və icra strukturları mane olur. İndi də televiziyalarda ödənişli efir vaxtına problemlər yaradıblar".



Fuad Qəhrəmanlı MSK-nın icazəsiz aksiyalarda iştiraka görə hər hansı bir namizədin qeydiyyatını ləğv edəcəyinə inanmır. Onun sözlərinə görə, belə bir addımın atılması bütünlükdə seçki prosesinin üzərinə kölgə salmaq olardı.



MSK-nın hakim Yeni Azərbaycan partiyasından [YAP] olan üzvü Fuad Cavadov da deyir ki, seçki prosesində müəyyən pozuntuların baş verdiyi danılmazdır. Ancaq onun sözlərinə görə, bu pozuntuların çoxunu namizədlərin özləri bir-birlərinə qarşı törədirlər.
XS
SM
MD
LG