Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:03

Bayram ovqatı – Sovet xiffəti...


Səs: Real audio
Vurğun Əyyub: «Azadlıq» bloku yaxın günlərdə bu məsələni müzakirə etmək niyyətindədir» 14 il keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Sovet İttifaqının xiffətini çəkənlər var



Bir vaxtlar Sovet dövlətinin ən böyük bayramı Oktyabr bayramıydı – köhnə tarixlə oktyabrın 25-də Rusiyada bolşeviklərin hakimiyyətə gəldiyi gün. 1991-ci ildə isə - yenə də oktyabr ayında – yeni tarixlə oktyabrın 18-də Azərbaycan bolşeviklərin qurduğu ölkədən ayrıldı və müstəqilliyini elan etdi. Amma 14 il keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Sovet İttifaqının xiffətini çəkən, hətta həmin dövlətin bərpa olunmasını istəyənlər var.



Azərbaycan cəmiyyətində belə düşünən insanların nə qədər olduğunu demək çətindir. Çünki indiyəcən ölkədə bu sahədə təhqiqat aparılmayıb. Yalnız bəzi Sovet rəhbərlərinə münasibətlə bağlı kiçik sorğular keçirilib.



«İosif Stalinin şəxsiyyətinə münasibət necədir?» «ADAM» mərkəzinin bu sualla Bakıda 500 nəfər arasında telefonla keçirdiyi sorğunun nəticəsinə görə, rəyi soruşulanların 38 faizi Stalinə mənfi münasibət bəsləyir. Elə təxminən bu qədər respondent də (rəyi soruşulanların 33 faizi) Stalinin şəxsiyyətinə müsbət yanaşdığını bildirib. Qalanları isə cavab verməkdə çətinlik çəkdiklərini deyiblər.



Sorğu mərkəzinin rəhbəri Rüfət Qaragözov deyir ki, bu nəticələr Azərbaycan vətəndaşlarında mütsəqillik düşüncəsinin tam formalaşmamasını göstərir. Onun fikrincə, əgər insanlar Sovet dövründə mövcud olan birpartiyalı sistemi, kütləvi siyasi repressiyaları və nəhayət, Azərbaycanın işğal edilməsini nəzərə almayıb Sovet dövrünə, onun ayrı-ayrı atributlarına müsbət yanaşırlarsa, bu, narahatlıq doğuran bir amil sayılmalıdır.



Amma Sovet dövrünə nostalgiya hissini təbii sayanlar da var. Azərbaycan Kommunist partiyasında baş katibin birinci müavini olan Rauf Qurbanova görə, insanlar indiki kapitalist quruluşuyla sosialist cəmiyyətini müqayisə edir və Sovet dövrünə üstünlük verirlər.



Kommunist Rauf Qurbanovdan fərqli olaraq, 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə nəticələnən hərəkatın iştirakçıları nostalgiya hissini müvəqqəti sayırlar.



Dilçi alim Kamil Vəli Nərimanoğlu deyir ki, sadəcə, demokratik cəmiyyətin qurulması, Sovet dövrünün planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçid ağrısız ötüşmür. Və bu problemlər qarşısında aciz qalan bəzi insanlarda, xüsüsən Sovet dövründə maddi vəziyyəti yaxşı olan yaşlı nəsil nümayəndələrində yeni quruluşa qarşı müəyyən mənfi münasibət yaranır.



Amma Kamil Vəli Nərimanoğlu onu da qeyd edir ki, Şərqi Avropa və Pribaltika ölkələrinə nisbətən yeni quruluşa keçidin Azərbaycanda ləng getməsi bəzi insanların düşüncəsində müstəqillik dəyərlərinə hörmətin dərinləşməsinə mane olur. Amma o, bu meyllərin Azərbaycan dövlətçiliyi möhkəmləndikcə, insanların maddi vəziyyəti yaxşılaşdıqca, aradan qalxacağını bildirir.
XS
SM
MD
LG