Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:08

Tərəfdarları və polis eks-spikeri qarşılamağa hazırlaşır


Səs: Real audio
Səbail rayon Məhkəməsi Rəsul Quliyev haqqında həbs-qətimkan tədbirinin ləğv olunması barədə müraciətləri rədd edib «Azadlıq» seçki bloku Demokrat partiyasının qərargahında ADP sədri Rəsul Quliyevin oktyabrın 17-də Bakıya qayıtması ilə bağlı müzakirələr keçirib. Qarşılanma mərasimində hər hansı insidentə yol verməmək və ictimai asayişi qorumaq üçün polislə əməkdaşlıq haqqında qərar qəbul edilib.



ADP sədrinin müavini Sərdar Cəlaloğlu deyir ki, onların məqsədi ADP sədrini qarşılamaqdır:



«Biz əlimizdə gül-çiçək sədrimizi qarşılamağa gedirik. Məqsədimiz yalnız demokratik parlament seçkiləri keçirməkdir. Parlament seçkilərində mübarizə üçün Rəsul Quliyevi Azərbaycana dəvət etmişik. Rəsul Quliyev bundan qabaq da ölkəyə gələ bilərdi. Onun bu məqamda gəlməsi onun namizədliyinin qeydə alınması və seçkidə digər namizədlərlə bərabər əsasda iştirak etmək cəhdiylə bağlıdır».



Bakı meri Hacıbala Abutalıbova görə isə, hüquq-mühafizə orqanları həmin tədbirin keçirilməsinə imkan verməyəcək:



«Mitinq və ya hər hansı görüşlərin keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunur. Bu günə qədər bununla bağlı müraciət daxil olmayıb. Ona görə də keçirilən hər hansı tədbirin qarşısı qanunsuz tədbir kimi hüquq-mühafizə orqanları tərəfindən alınacaq».



Daxili İşlər Nazirliyi isə yaydığı bəyanatda Rəsul Quliyevin qarşılanma mərasimini avantüra kimi qiymətləndirib. Bakı aeroportunun mühafizəsinin gücləndirildiyini, keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağını bildirir. DİN bəyan edir ki, hüquqa zidd hərəkətlərə görə məsuliyyəti «Azadlıq» blokuna daxil olan partiya başçıları daşıyacaq.



Səbail rayon Məhkəməsi isə Milli Elmlər Akalemiyasının akademikləri – Eldar Salayevlə Midhət Abbasovun Rəsul Quliyev haqqında həbs-qətimkan tədbirinin ləğv olunması və onu zaminə götürmək barədə müraciətlərinə rədd cavabı verib.



ADP sədri Rəsul Quliyev haqqında 2000-ci ildə həbs-qətimkan tədbiri seçilib. O, 100 milyon ABŞ dollarından artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Rəsul Quliyevin deputatlığa namizədliyi qeydə alınan günün axşamı Respublika Prokurorluğu onun toxunulmazlığının ləğvi və həbsi haqqında qərar verib.
XS
SM
MD
LG