Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:32

«Quş qripi» təhlükəsi artmaqdadır


Səs: Real audio
Azərbaycanda qışlamağa gələn köçəri quşlarda «quş qripi» xəstəliyinin olub-olmaması müəyyən ediləcək Azad İstehlakçılar Birliyinin sədri toyuq məhsullarında "quş qripi" virusunun olmasını istisna etmir



Azərbaycana quş əti əsasən Amerika Birləşmiş Ştatları və Braziliyadan, quş əti məmulatları, məsələn, sosiska Fransadan gətirilir. Həmsərhəd ölkələrdən – İran, Rusiya və Türkiyədən isə Azərbaycana damazlıq yumurta, birgünlük cücə idxal olunur. Son vaxtlar həm sözügedən, həm də Şərq ölkələrindən, Rusiyanın Sibir hissəsindən, Qazaxıstandan Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyulub.



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov deyir ki, İranın Urmiya vilayətində və Türkiyədə quşlar kütləvi şəkildə qırılıb, bunun səbəbləri hələ də araşdırılır. Ona görə də Azərbaycan müvəqqəti olaraq bu ölkələrdən toyuq əti gətirilməsinə qadağa qoyub.



Emin Şahbazov ölkədə bəzi həyətyanı sahələrdə və quş fabriklərində monitorinq aparıldığını deyir. Quşlardan qan götürülüb, müayinə edilib və "quş qripi" virusu aşkarlanmayıb. Ancaq canab Şahbazov "quş qripi" təhlükəsinin qarşısını almağın müşkül məsələ olduğunu etiraf edir:



"Bu xəstəlik köçəri quşlar vasitəsilə keçir, ona görə də bu epidemiyanın qarşısını almağa heç kəs təminat verə bilməz".



Emin Şahbazov deyir ki, "quş qripi" insanların qrip xəstələyinə bənzəyir, tez yayılır, onun müxtəlif növləri olur. Hər hansı təsərrüfatda yüksək patogenli virusa yoluxmuş beş baş quş varsa, orada olan bütün quşlar məhv edilməlidir. Ancaq xəstə quşun əti qaynadılanda bütün viruslar ölür.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovsa Azərbaycana "quş qripi"nin keçməsi təhlükəsinin tam mümkün olduğunu deyir və bunu ekspertiza üçün lazımi avadanlığın olmamasıyla izah edir. Cənab Hüseynov həm idxal olunan, həm də yerli toyuq məhsullarında "quş qripi" virusunun olmasını istisna etmir.



Səhiyyə naziri Əli İnsanovsa Azərbaycana hər-hansı ölkədən "quş qripi" virusunun keçməsinin mümkün olmadığını deyib. Nazir bildirib ki, İran, Türkiyə və Rusiyada sözügedən qripə qarşı tədbirlər görüləndən sonra təhlükə azalıb, Azərbaycanda da bu sahədə dövlət səviyyəsində iş gedir.



1918-ci ildə İspaniyada "quş qripi"ndən insanlar arasında epidemiya yayılıb və nəticədə on milyonlarla adam ölüb. Mütəxəssislər indi bu virus yayılarsa, 150 milyon adamın ölə biləcəyini deyirlər.



Ötən həftə 65 ölkə və beynəlxalq agentlik nümayəndəsi Vaşinqtonda toplaşıb virusun qarşısını almaq yollarını müzakirə edib.



Bundan başqa, Avropa Şurası Parlament Assambleyası da "quş qripi"nin qarşısının alınması üçün daha çox vaksin, dərman preparatlarının alınmasına çağırıb. Oktyabrın 6-da keçirilən müzakirələrdən sonra Assambleya bir çox ölkələrin "quş qripi"nin qarşısını almağa hazır olmadığını bəyan edib.
XS
SM
MD
LG