Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:44

Rəsul Quliyev oktyabrın 17-də Bakıya gəlməyi planlaşdırır


Səs: Real audio
Eks-spikeri bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin müşayiət edəcəyi bildirilir ADP sədri, eks-spiker Rəsul Quliyev oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gəlməyi planlaşdırır.



Bu barədə oktyabrın 11-də cənab Quliyev onun qayıdışını təmin etmək üçün yaradılmış Milli Komitənin üzvlərinə müraciət edərkən bildirib.



Hüquq-mühafizə orqanlarının onu həbs edəcəyi barədə söylədiyi fikirlərə baxmayaraq, eks-spiker qayıdışda israrlı olduğunu söyləyib.



R.Quliyev Bakıya gələrkən onu bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin müşayiət edəcəyini bildirib.



ADP funksionerləri bu baxımdan eks-spikerin həbsinin qeyri-mümkün olacağını deyirlər.



Eks-spiker Rəsul Quliyev xüsusilə küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir. O, 1996-cı ildən ABŞ-da mühacir həyatı yaşayır. Məhkəmə cənab Quliyev haqqında həbs qəti-imkan tədbiri seçib.



ADP sədrinin 36 saylı Xətai seçki dairəsindən deputatlığa namizədliyi qeydiyyata alınsa da, onun toxunulmazlıq hüququ ləğv edilib.



Oktyabrın 11-də həmçinin ADP qarşısında bir qrup şəxs piket keçirməyə cəhd etdi. Aksiyanın təşkilatçısı olduğu deyilən «Yeni Sabah» qurumunun rəhbəri İlqar Əliyevin sözlərinə görə, piketçilər keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşlarıdır: «Onlar ADP sədri Rəsul Quliyevin Bakıya gəlməsinə etirazlarını bildirirlər».



ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə baş verənləri təxribat adlandırır.



Əraziyə nəzarət edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları isə baş verənlərlə bağlı polisdə məlumat olmadığını bildirdilər.
XS
SM
MD
LG