Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

«Windows», yoxsa «Pəncərələr»?


Səs: Real audio
«Müqəddəs kitabda deyilir ki, tab gətirməyənlər oruc tutmamalıdırlar» "Ya terminləri tamamilə milliləşdirmək, ya da beynəlxalq sözləri olduğu kimi saxlamaq lazımdır"



Kompüterlər "Microsoft"un "Windows" proqramları ilə işləyir. Azərbaycanda indiyə kimi bunun ingilis və rus variantlarından istifadə edirdilər. İndi "Microsoft"la onun Azərbaycan tərəfdaşı "AzEl" şirkəti bu boşluğu doldurub Azərbaycan dilindəki variantı hazırlayıblar.



Ancaq tərcüməni əvvəlcə ictimai müzakirəyə çıxartmaq istəyirlər. Çünki terminlərin tərcüməsi ilə bağlı mübahisəli məqamlar var.



"AzEl" şirkətinin hazırladığı tərcümələrdən bir neçəsinə nəzər salaq. Məsələn, "News Message" "Yeniliklər Qrupunun Məktubu", "Next" "Sonra", "Recycle bin" "Səbət" kimi tərcümə olunub.



"AzEl" bildirir ki, "Microsoft" korporasiyası ilə birgə həyata keçirilən layihə təhsilin, elmin, mədəniyyətin, informasiya texnologiyalarının inkişafında vacib addım ola bilər. Şirkət ictimaiyyət nümayəndələrini ən vacib terminlərin, sözlərin tərcüməsində iştiraka dəvət edib.



Ancaq şirkətdən Oleq Silantiyev ictimaiyyətin bu prosesdə elə də fəallıq göstərmədiyini deyir. Onun bildirdiyinə görə, layihə oktyabrın sonları, ən geci noyabrın əvvəllərində başa çatmalıdır. "Windows"un tərcüməsi ilə bilavasitə məşğul olanlar gördükləri iş barədə geniş danışmaq istəmədilər.



Ancaq Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz elektron terminlərin Azərbaycan dilinə tərcüməsində türk və rus dilləri ilə müqayisə aparmaq tərəfdarıdır. Ancaq məsələ bundadır ki, türklər bu terminləri tam milliləşdirib, özününküləşdirib, ruslarsa daha çox terminlərin beynəlxalq variantda saxlanmasına üstünlük verir. Osman Gündüz türkcədən bir misal da gətirir:



"Məsələn, "Backbone" sözünü türklər "Onurğa" kimi tərcümə edirlər. İndi biz də buna "Onurğa" deməliyik, yoxsa elə "Backbone" formasında saxlamalıyıq?"



Osman Gündüz bildirir ki, "Microsoft Windows"un tərcüməsində iki prinsipə əsaslanmaq lazımdır: ya terminləri tamamilə milliləşdirmək, ya da beynəlxalq sözləri olduğu kimi saxlamaq.



"Windows"un ilkin versiyasının müzakirələrinə isə daha çox kompüterlə işləyən sadə insanlar cəlb olunacaq. Çünki Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, dilçi, yaxud texnoloqdan daha çox sadə adamların bu terminləri necə qəbul etməsi mühümdür.



Türkoloq-professor Kamil Vəli Nərimanoğlu "Windows"un Azərbaycan dilinə tərcüməsini lazımlı sayır, ancaq o, bu sahədə türk dilinin ortaq dil kimi seçilməsini təklif edir.



Ancaq kompüter istifadəçiləri arasında belə bir fikir də var ki, "Windows"un ingilis, yaxud rus dilində qalması daha yaxşıdır, nəinki onu Azərbaycan dilinə çevirib sonradan tətbiqini yarımçıq qoymaq. Fəlsəfə elmləri namizədi Müşfiq Şükürlü belələrindəndir:



"Məncə, milli inkişaf baxımından ingilis dilində qalması daha məsləhətdir. Qoy azərbaycanlılar sürətlə ingilis dilini öyrənsinlər. Bizim inkişafımız dünyaya inteqrasiyamızın sürətindən çox asılı olacaq. O cümlədən, bu dili bilməkdən".



Müşfiq Şükürlü xüsusilə tətbiqi proqramların Azərbaycan dilinə tərcüməsinin bitkin olacağına şübhəylə yanaşır və bu səbəbdən həmin proqramları rus dilində öyrənməyə üstünlük verir.



Hazırda "Microsoft Windows" əməliyyat sistemi Rusiya, Türkiyə kimi ölkələrdə lokallaşdırılıb, onun yerli versiyası hazırlanıb. Gürcüstan və Ermənistanda isə bu yöndə iş gedir.
XS
SM
MD
LG