Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Gələn il büdcə xərcləri 78 faiz artacaq


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir Büdcə layihəsi artıq hazırdır və Milli Məclisə təqdim olunub



Gələn ilin büdcəsi xüsusilə əlamətdardır, çünki Bakı-Tbilisi-Ceyhan kəməri işə düşür və böyük neft pulları gəlməyə başlayır.



Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev deyir ki, 2006-cı ilin büdcə layihəsini ötənilkindən fərqləndirən əsas cəhət təqdim olunan layihənin genişliyidir. İnvestisiya, təhsil, səhiyyə və sair proqramların təsviri, təhlili bu layihədə ayrı-ayrılıqda verilib.



Cənab Əlirzayev bildirir ki, Azərbaycanın ümumdaxili məhsulu denominasiyadan sonrakı rəqəmlə 14 milyard manatdır. Bu ötənilkinə nisbətən 4.4 milyard manat çox – 30 faizdən artıqdır. Umumdaxili məhsulun artımı hesabına isə dövlət büdcəsinin gəlirləri də artıb.



Əli Əlirzayev əlavə edir ki, yeni büdcədə vergi siyasətində də dəyişikliklər nəzərdə tutulur. Belə ki, əlavə dəyər vergisinin, mənfəət vergisinin dərəcələri azaldılıb, fiziki və huquqi şəxslərdən tutulan vergilərin həcmi onların xeyrinə dəyişdirilib.



2006-cı ilin büdcəsini fərqləndirən cəhətlərdən biri də inflyasiya tədbirlərinin layihədə əsas məsələ kimi qoyulmasıdır. Elə xərclər nəzərdə tutulur ki, onlar inflyasiya əmələ gətirməsin, sərmayə yönümlü olsun və borcların ödənilməsinə təsir göstərsin.



İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rövşən Ağayev isə deyir ki, 2006-cı ilin büdcəsi özündən əvvəlkindən ilk növbədə həcmi ilə fərqlənir. 2005-ci ilin büdcəsi ilə müqayisədə bu büdcənin gəlirləri 7.5 trilyon manat – 80 faizə yaxın, xərcləri isə 7.8 trilyon manat –78 faiz artıqdır.



Gəlirlərdəki artım əsasən Dövlət Neft Fondundan transferlərdə özünü göstərir. Bu sahədə artım 2005–ci ildəkindən 2 trilyon manat çoxdur. Əsas artımların bir hissəsi isə hüquqi şəxslərin mənfəət vergisi hesabınadır.



Rövşən Ağayevə görə, büdcə xərclərinin ən çox artımı əsasən ümumdövlət xidməti xərclərində baş verib. Bura isə daha çox qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının saxlanması xərcləri daxildir. Yəni sənəddə bu istiqamətdə xərclərin artırılması nəzərdə tutulur.



Ümumiyyətlə isə, mütəxəssislərin fikrincə, əslində, büdcə daha çox sosial yönümlü deyil, perspektiv sosial yönümlü – yəni yeni iş yerlərinin açılmasına yönəlik, sərmayə xarakterli olmalıdır. O, əsasən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının, bir sözlə, iqtisadiyyatla bağlı sahələrin, infrastrukturun, eləcə də təhsilin, səhiyyənin inkişafına yönəlməlidir.
XS
SM
MD
LG