Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 04:07

«Human Rights Watch»: «Polis zorakılığı seçkinin demokratikliyini şübhə altına alır»


Səs: Real audio
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Holi Kartner: «Azərbaycan hökuməti azad və ədalətli seçki ideyasına paralel olaraq qorxu mühiti yaradır» "Azərbaycanda siyasi müxalifətə qarşı polis zorakılığının artması hökumətin noyabrda parlament seçkisini azad və ədalətli keçirəcəyini ciddi şübhə altına alır".



ABŞ-da yerləşən insan haqlarını müdafiə təşkilatının - «Human Rights Watch»un (HRW) oktyabrın 4-də verdiyi bəyanatda belə deyilir.



Qurum Azərbaycanın beynəlxalq tərəfdaşlarını, xüsusilə Birləşmiş Ştatları və Avropa Birliyi ölkələrini seçki kampaniyası zamanı baş verən hücumları qəti şəkildə pisləməyə çağırır: «Bu ölkələr açıq şəkildə bildirməlidirlər ki, 2003-cü il prezident seçkisinə kölgə salmış insan haqları pozuntuları təkrarlansa, bunun real nəticələri ola bilər. Məsələn, Azərbaycan hökumətinə maliyyə yardımı dayandırıla bilər».



HRW-un bəyanatında bildirilir ki, oktyabrın 1-də polis Bakının mərkəzində yürüş keçirmək istəyən müxalifətçiləri döyüb və həbs edib. Təşkilatın nümayəndəsi polisin aksiya iştirakçılarını dəyənəklə döyməsinin, bir neçə etirazçının xəsarət almasının şahidi olub.



«Azərbaycan hökuməti azad və ədalətli seçki ideyasına paralel olaraq qorxu mühiti yaradır».



Bunu isə HRW-un Avropa və Orta Asiya üzrə direktoru Holi Kartner deyib. Onun bildirdiyinə görə, beynəlxalq ictimaiyyət bu hücumları pisləməli və sərbəst toplaşma azadlığının əsas insan haqlarından biri olduğunu aydın şəkildə bəyan etməlidir.



H.Kartner: «Əgər Azərbaycan hökuməti seçkini beynəlxalq standartlara uyğun keçirdiyinə hamını inandırmaq istəyirsə, müxalifətə şəhərin mərkəzində yürüşlər keçirməyə icazə vermək yaxşı başlanğıc olardı».



HRW daha sonra oktyabrın 1-də «Azadlıq» seçki blokunun Bakı meriyası ilə razılaşdırılmamış yürüş-mitinqindən əvvəl baş verənləri, polisin «28 May» meydanına gedən yolları bağlamasını, adamları avtobuslara doldurmasını, habelə, sentyabrın 25-i aksiyası zamanı aksiya iştirakçılarını döyməsini qeyd edir.



Bəyanatda həmçinin hökumətin ötən həftə ATƏT-in təşəbbüsülə keçirilməli olan danışıqlara nümayəndə göndərmədiyi vurğulanır.



Təşkilat eyni zamanda seçki kampaniyası zamanı baş verən bir sıra digər pozuntulara da toxunur. Müxalifət partiyalarından olan bəzi namizədlər onlara seçicilərlə görüşmək üçün şərait yaradılmadığını, polisin belə görüşlərə gələn insanları dağıtdığını deyir.

Qurum «Yeni Fikir» Gənclər Təşkilatının üzvlərinin həbs edildiyini, hökumətin AXCP-yə qarşı kampaniya apardığını bildirir.



HRW-un Avropa və Orta Asiya üzrə direktoru Holi Kartner deyir ki, Birləşmiş Ştatlar və AB vəziyyətin daha da pisləşməsini gözləməməli, seçkiqabağı açıq-aydın repressiya əlamətlərinə reaksiya verməlidir.



HRW-a görə, azərbaycanlılar arasında belə bir ümumi qorxu var ki, ABŞ bu ölkədə insan haqları pozuntularına reaksiya verməyəcək, çünki Vaşinqton neft sərmayələri üçün sabitliyə üstünlük verir. «Birləşmiş Ştatlar aydın şəkildə bildirməlidir ki, gələcək münasibətlər hökumətin insan haqlarıyla bağlı gördüyü işdən asılı olacaq. Noyabr seçkisi isə bunun üçün bir sınaqdır» - deyə, sənəddə vurğulanır.



HRW-un bəyanatında yekun olaraq bildirilir ki, Azərbaycanda tarixən seçkilərdə beynəlxalq standartlar pozulub. Qurum 2003-cü il prezident seçkisində saxtakarlığını olmasını, seçkidən sonra baş verən etiraz aksiyalarında yüzlərlə müxalifətçinin həbs olunduğunu xatırladır.



Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin icazəsiz mitinqləri zamanı aksiya iştirakçılarının deyil, polisin zorakılığa məruz qaldığını bildirir.


XS
SM
MD
LG