Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:15

İcazəsiz aksiyada xəsarət alanlar oldu


Səs: Real audio
«Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner baş verənlərin seçkiqabağı vəziyyətə mənfi təsir göstərəcəyini deyir Oktyabrın 1-də «Azadlıq» seçki blokuna daxil olan Müsavat, Demokrat və Xalq Cəhbəsi partiyaları Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd etdi. Aksiyanın başlamasından bir neçə saat əvvəl artıq metronun «28 May» stansiyasının ətrafında çoxlu sayda polis əməkdaşı cəmləşmişdi. Cəfər Cabbarlı meydanına gedən nəqliyyatın hərəkəti isə dayandırılmışdı.



Saat 16:00 radələrində Xəqani küçəsində bir qrup müxalifət fəalı ilə polis arasında qarşıdurma baş verdi. Nəticədə bir neçə aksiyaçı qadın (Dilşad Veysəlova, Solmaz Hüseynova və Sevda Talıblı) döyüldü, Lider TV-nin operatoru Alik Bəxtiyaroğluna isə təzyiq göstərildi. Müsavat Partiyasından verilən məlumatda isə partiyanın başqan müavinləri Arif Hacılı və Rauf Arifoğlunun xəsarət aldığı bildirilir. Cənab Hacılının isə xəstəxanaya yerləşdirildiyi söylənilir. Həmçinin partiya başqanı İsa Qəmbərin oğulları İlkin və Turqut Qəmbərin Səbayel rayon 39-cu Polis Bölməsinə aparılıb, sonra buraxıldığı deyilir.



«İcazəsiz yürüş-mitinqdə doqquz polis xəsarət alıb». Bu məlumat isə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı rəsmi açıqlamada bildirilir. İdarənin rəis müavini Yaşar Əliyev isə jurnalistlərə açıqlamasında dedi ki, aksiyaçılardan 16-17 ədəd dəmir parçaları götürülüb. Cənab Əliyev 34 nəfər müxalifət fəalının saxlandığını söylədi. O, araşdırma aparıldıqdan sonra həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcəyini əlavə etdi.



AXCP sədri Əli Kərimli isə keçirdiyi brifinqdə bildirdi ki, aksiyada 158 nəfər saxlanıb, onlarla adam polis zorakılığına məruz qalıb.



«Turan» Agentliyinin verdiyi məlumatda isə polisin saxladığı şəxslər arasında deputatlığa namizədlər, o cümlədən yerli və xarici KİV nümayəndələrinin olduğu bildirilir.



Cənab Kərimli deyir ki, blokun növbəti aksiyası oktyabrın 8-də olacaq: «Yürüş-mitinqin şəhərin mərkəzində keçirilməsinə icazə verilməsə, yenə metronun «28 May» stansiyası ətrafında toplaşacağıq».



«Human Rights Watch» beynəlxalq insan hüquqlarını müdafiə təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner isə baş verənlərin seçkiqabağı vəziyyətə mənfi təsir göstərəcəyini deyir.
XS
SM
MD
LG