Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

Seçki pozuntusu cəzasız qalır


Səs: Real audio
Vəkillər müdafiə etdikləri şəxslərlə bağlı heç bir istintaq hərəkətinin aparılmamasından narahatdırlar Halbuki, MSK-ya çoxsaylı şikayətlər göndərilməkdədir



Azərbaycanda bu vaxta qədər bir nəfər olsun belə seçki saxtakarlıqlarına görə cinayət məsuliyyətinə cəlb edilməyib. Halbuki, təkcə sonuncu prezident seçkiləri zamanı Mərkəzi Seçki Komissiyası [MSK] baş verən pozuntulara görə 700-ə yaxın məntəqədə seçkinin nəticələrini ləğv etmişdi.



Hazırkı parlament seçkilərində də ən müxtəlif məsələlərlə bağlı MSK-ya çoxsaylı şikayətlər göndərilməkdədir.



MSK katibi Vidadi Mahmudlu deyir ki, təmsil olunduğu quruma daxil olan şikayətlərə birmənalı qiymət vermək çətindir. Onun sözlərinə görə, bir çox şikayətlər nə bir fakta, nə də hər hansı bir arqumentə əsaslanır. Ancaq o, çox ciddi cinayət əməlləri ilə də bağlı şikayətlərin olduğunu istisna etmir.



MSK katibi deyir ki, istər əvvəllər, istərsə də hazırkı parlament seçkilərinin təşviqat mərhələsində bir sıra şikayətlər araşdırılmaqdan ötrü Respublika Prokurorluğuna təqdim edilib. Ancaq bu şikayətlərin biri ilə bağlı belə cinayət işi açılmayıb.



Vidadi Mahmudlu düşünür ki, indiyə qədər Azərbaycanda baş verən seçki özbaşınalıqları ilə bağlı bir nəfərin belə məhkəmə qarşısında cavab verməməsinə görə daha çox hakimiyyət məsuliyyət daşıyır. Onun sözlərinə görə, istər seçki komissiyaları, istərsə də hüquq-mühafizə orqanları müstəqil olmadıqlarından siyasi hakimiyyətin iradəsindən kənarda hər hansı bir iş görə bilmirlər. Bununla belə, o hesab edir ki, mövcud şəraitə görə formal da olsa, həm MSK, həm də prokurorluq orqanları məsuliyyət daşıyırlar.



Respublika Prokurorluğu mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonağova isə deyir ki, hazırkı təşviqat mərhələsində qanun pozuntusu ilə bağlı onlara bir şikayət belə daxil olmayıb. Onun sözlərinə görə, MSK-dan Respublika Prokurorluğuna cəmi bir şikayət ərizəsi daxil olub ki, orada da iki namizədin münaqişəsindən bəhs edilir. Sonradan həmin şəxslər barışdığından əlavə tədbirlərə ehtiyac görülməyib.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev isə baş verənlərə görə siyasi hakimiyyətin məsuliyyət daşımasıyla bağlı fikirlə razılaşmır. O deyir ki, seçkilərdə pozuntuya yol verənlər lazımi səviyyədə cəzalarını alıblar:



"Keçmişdə baş verənlərin araşdırılmasına ehtiyac yoxdur. Dövlət başçısının bu ilin may ayında imzaladığı məlum sərəncamında bundan sonra seçkidə baş verə biləcək saxtakarlıqlara görə məsuliyyət məsələsinə toxunulub".



"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov isə hesab edir ki, əgər keçmişdə baş verən pozuntular aşkarlanıb cəvabdeh şəxslər cəzalandırılmasa, onda azad və ədalətli seçkilərdən danışmaq əbəsdir. Onun fikrincə, keçmişdə baş verən pozuntuların üstündən keçmək həm seçicilərin inamını azaldır, həm də seçki komissiyalarına saxtalaşdırmalar üçün əlavə stimul verir.



Hafiz Həsənov deyir ki, seçkidə qanun pozuntularının baş verməsi ilə bağlı Cinayət Məcəlləsində 4 maddə məsuliyyəti müəyyən edir. Burada ən böyük cəza kimi 3 il həbs nəzərdə tutulur. Məsuliyyət əsasən cərimələr və şərti cəzalarla müəyyən edilir. Hafiz Həsənovun sözlərinə görə, bunun özü də anormal haldır. Çünki onun fikirincə, insanların səsinin saxtalaşdırılması da ən ağır cinayətlərdən hesab olunmalıdır.
XS
SM
MD
LG