Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

İqtidarla "Azadlıq" bloku mitinq məsələsində anlaşdılar<p align=`left`><br><br>


Səs: Real audio
Hakimiyyət müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı təklif etdiyi marşrutlar üzrə danışıqlar aparmağa razılıq verib Bu razılıq sentyabrın 25-də "Azadlıq" blokunun paytaxtın mərkəzində, Cəfər Cabbarlı heykəli qarşısında keçirməyə cəhd göstərdiyi icazəsiz mitinq zamanı iqtidarın təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində əldə olunub.



Hakimiyyət tərəfdən Prezident Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan partiyasının icraçı katibi Əli Əhmədov, "Azadlıq" blokundan isə Arif Hacılı, Pənah Hüseyn və Fuad Mustafayevin iştirak etdiyi danışıqlara ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi də qatılıb.



Arif Hacılı danışıqları müsbət qiymətləndirib. Onun sözlərinə görə, hakimiyyət nümayəndələri müxalifətin şəhərin mərkəzində və mərkəzinə yaxın altı marşrutdan biri üzrə yürüş-mitinq keçirməsini müzakirə etməyə hazır olduqlarını bildiriblər. Və bununla bağlı danışıqları ən geci gələn həftənin çərşənbə axşamı reallaşdırmaq haqqında anlaşma əldə edilib.



Söhbət Azadlıq meydanı, Xalçaçılıq Müzeyinin qarşısı, Füzuli meydanı, Cəfər Cabbarlının heykəlinin qarşısı, Elmlər Akademiyası meydanı, yaxud da metronun "Nəriman Nərimanov" stansiyası qarşısındakı ərazidən gedir.



Danışıqlar nəticəsində həmçinin, sentyabrın 25-də icazəsiz mitinqdə saxlanılanların bir saat ərzində sərbəst buraxılması haqqında da razılıq əldə edilib.



Arif Hacılının sözlərinə görə, əgər gələn həftənin əvvəlinə təyin olunan danışıqlarda iqtidar qeyri-konstruktiv mövqe tutsa, onlar gələn həftənin sonunda yenidən Cəfər Cabbarlının heykəli qarşısında aksiya keçirməyə cəhd göstərəcəklər.



Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov da görüşü müsbət qiymətləndirir. Amma danışıqların məzmunu barədə geniş açıqlama vermək istəməyib.



Sentyabrın 25-də polis "Azadlıq" blokunun "28 May" metrosu qarşısında keçirmək istədiyi mitinqin qarşısını alıb. Aksiyaçıların bildirdiyinə görə, polis sərbəst toplaşma haqqında qanuna zidd olaraq onların şəhərin mərkəzində mitinq keçirmək hüququnu məhdudlaşdırıb.



"Azadlıq" blokunun təmsilçisi Ramiz Rövşən bildirib ki, polis aksiyaçılara qarşı qəddarlıqla davranıb, aksiyaya gələn Müsavat başqanı İsa Qəmbərin maşınının şüşələri dəyənəklə sındırılıb.



Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev isə keçirdiyi brifinqdə deyib ki, polis heç kəsə qarşı zorakılıq işlətməyib. Onun bildirdiyinə görə, təxminən 1000 nəfər adam üç istiqamətdə "28 May" metrosu qarşısına, Cəfər Cabbarlının heykəli önününə toplaşmağa cəhd göstərib, polisə təzyiq edib. Yaşar Əliyev 20 nəfərin saxlandığını və onlar barəsində lazımi tədbir görüldüyünü deyib.



İqtidarla "Azadlıq" bloku arasında danışıqlara başlanması ilə bağlı blokun rəhbərləri sentyabrın 25-də keçirilməsinə cəhd göstərilən aksiyanın yarımçıq dayandırılması barədə tərəfdarlarına göstəriş veriblər.
XS
SM
MD
LG