Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:28

«Azadlıq» blokuna xəbərdarlıq edildi


Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Blok öz qərarında israrlıdır və aksiyanı «28 May» meydanında keçirəcək» Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) «Azadlıq» seçki blokunu sentyabrın 25-də keçirmək istədiyi yürüş-mitinqlə bağlı xəbərdarlıq edib.



Bu, sentyabrın 24-də BŞBPİ-də blokun Mitinq Komitəsinin üzvləri ilə görüşdə olub. İdarənin rəis müavini Yaşar Əliyev və Bakı Şəhər Prokurorunun birinci müavini Hafiz Babayev blokun Mitinq Komitəsinin (MK) üzvlərinə meriyanın təklif etdiyi üç marşrutdan birini seçməyi təklif ediblər.



Görüşdə iştirak etmiş MK-nin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov «Azadlıq» radiosuna müsahibəsində deyir ki, onlara təklif edilən yerlərdə mitinq keçirmək qeyri-mümkündür: «Ona görə də blok öz qərarında israrlıdır və aksiyanı «28 May» meydanında keçirəcək».



ADP, AXCP və Müsavat partiyalarını birləşdirən «Azadlıq» seçki bloku sentyabrın 25-də yürüş-mitinq keçirməyi planlaşdırır. Blok Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) aksiya keçirmək üçün altı marşrut təklif etsə də, bunların heç biri qəbul edilməyib. Əvəzində meriya daha münasib sayılan üç marşrut təklif edilib.



Daxili İşlər naziri Ramil Usubov bu günlərdə keçirdiyi mətbuat konfransında bildirib ki, müxalifətin icazə verilməyən yerlərdə keçirdiyi aksiyaların qarşısı alınacaq. Polis blokun bu il iyunun 4-də keçirmək istədiyi icazəsiz yürüş-mitinqin qarşısını almışdı. Blokun sonrakı icazəli yürüş - mitinqləri isə metronun «20 Yanvar» stansiyasından başlayıb, keçmiş «Qələbə» kinoteatrının qarşısında başa çatıb.
XS
SM
MD
LG