Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

«Kimə baxırsan xalq artistidir»


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır "Fəxri adların verilməsi daha çox siyasi mahiyyət daşıyır"



Bir neçə il bundan qabaq o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəl Azərbaycana səfərdən qayıdandan sonra təklif etdi ki, Türkiyədə də "xalq sənətçisi" adı təsis olunsun. Ancaq bu fikir Türkiyədə tənqidlə, hətta yumorla qarşılandı və yaddan çıxdı.



SSRİ dağılanda çoxları düşünürdü ki, fəxri adlar da ləğv olunacaq. Ancaq əksinə, bu praktika günü-gündən daha geniş vüsət alır.



Şair Ramiz Rövşən deyir ki, bu, bünövrəsi Sovet dövründən qoyulmuş bir ənənədir. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Azərbaycanda bu, bir qədər aradan qaldırılsa da, sonradan yenidən bərpa edilib.



Bu günə qədər Azərbaycanda 50-yə yaxın yazara xalq şairi adı verildiyini deyən Ramiz Rövşən hesab edir ki, əslində, saymağa başlasan, əsl şairlər çox azdır.



Ramiz Rövşən deyir ki, sənətkarı onun seyrçisi, dinləyicisi, oxucusu qiymətləndirir. Qaldı ki fəxri adların verilməsinə, o deyir ki, bunu hansısa rəsmi struktur yox, peşəkar sənətkarlar verməlidir:



"Adların verilməsi əslində, mədənidən daha çox siyasi mahiyyət daşıyır. Amma biz təbii ki, o adları alanların heç biri haqqında pis fikir demək istəmirik".



Xalq artisti, müğənni İlhamə Quliyeva da son dövrlər fəxri adların kimə gəldi verilməsindən narazıdır. Onun sözlərinə görə, 20-30 il sənət yolunda zəhmət çəkən, ömür qoyan insanlar var ki, onlar heç yada da düşmür:



"Təsəvvür edin ki, kimə daş atırsan əməkdar artistdir, kimə baxırsan xalq artistidir. Hansı sənətə görə, hansı zəhmətə görə? Məgər xalq artisti adı belə ucuzlaşıb?"



İlhamə xanım hesab edir ki, hansı dövrdən qalmasından asılı olmayaraq, fəxri adlar, titullar saxlanmalıdır. O, bunu görülən işə görə “çox sağ ol” hesab edir:



"Əgər insan doğrudan da sənət adamıdırsa, layiqdirsə, fəxri ad ona mütləq şamil olunmalıdır. Mən hesab etmirəm ki, sənət adamını fəxri ad şöhrətləndirir. Xeyr, gərək sənətin özü şöhrətləndirsin. Ancaq sənət sahibinə fəxri ad –"çox sağ ol" hər zaman vacibdir".



Mədəniyyətşünas-alim Rəhman Bədəlov isə bunu Sovet dünyagörüşü, Sovet düşüncə tərzinin bərpası kimi qiymətləndirir. Fəxri adlar verilməsi prinsipinin zərərli olduğunu deyən cənab Bədəlova görə, bu ənənədən Azərbaycan imtina etməlidir:



"Çox qorxuludur və bundan tezliklə imtina etmək lazımdır. Məsələ onda deyil ki, kimsə alacaq, kimsə almayacaq. Məsələ ondadır ki, bu, mədəniyyətin, inkişafın qabağını alır. Bu çox mənfi haldır".
XS
SM
MD
LG