Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

«Qara şənbə»


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» Şahmar Mövsümov: "Bu, tələsik əllərindəki dollarları dəyişənlərə bir dərs olmalıdır"



Sentyabrın 17-də dolların qiymətinin gözlənilmədən 4500 manatdan 4000 manata düşməsi ölkədə çaşqınlıq yaratdı. Yaranmış vəziyyət sentyabrın 18-də səhər baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə keçən müşavirədə də müzakirə edildi.



Milli Bankın direktoru Şahmar Mövsümov KİV–ə verdiyi ilkin açıqlamada dedi ki, müşavirədə vəziyyətin normallaşdırılması üçün lazımi göstərişlər verilib. Cənab Mövsümov spekulyativ addım atan məntəqələrin cəzalandırılacağını da bildirdi.



Ancaq Milli Bankın bazara nəzarəti gücləndirməsi və valyutadəyişmə məntəqələrinə xəbərdarlıq etməsi həmin gün heç bir müsbət dəyişikliyə səbəb olmadı. Əksinə, valyutadəyişmə məntəqələri ziyana düşməmək və lisenziyadan məhrum olmamaq üçün sentyabrın 18–də ümumiyyətlə, işləmədilər.



Milli Bankın baş direktoru əhalini tələsib əlindəki dollarları dəyişməməyə çağırırdı. O, vəziyyətin bu həddə çatmasına istirahət gününün – bankların işləməməsinin də təsiri olduğunu bildirirdi. Sentyabrın 19-dan artıq vəziyyət dəyişməyə başladı. Hazırda Bakıda 1 dollar 4510 manata alınır, 4530 – 4550 manata satılır.



Cənab Mövsümov deyir ki, bu hadisə tələsik əllərindəki dollarları dəyişənlərə bir dərs olmalıdır. Əgər gələcəkdə də belə bir hadisə baş verərsə, hamı bilməlidir ki, bu, çox qısamüddətli bir şeydir və bunun iqtisadi əsası yoxdur.



Azərbaycanın keçmiş baş naziri Əli Məsimov isə sentyabrın 17-ni «qara şənbə» adlandırır. Bu hadisənin iqtisadi köklərindən danışarkən o, deyir ki, artıq 2004–cü ildən manatın kursu ilə bağlı yeni mərhələ başlayıb. Neft gəlirləri və digər kanallar vasitəsilə Azərbaycana valyuta axınının güclənməsi dolların manata təzyiqini artıb. Beləliklə də manatın kursu qalxmağa başlayıb.



Əli Məsimovun fikrincə, səbəblərdən biri də nağd manatlarla bağlıdır. O deyir ki, Azərbaycanda dollarlaşmanın səviyyəsi yüksəkdir. Manat 25 gündən bir dövr edir ki, bu da ciddi inflyasiya mənbəyidir.



İqtisad elmləri doktoru Qalib Həsənli isə deyir ki, baş verənlərin bazar iqtisadiyyatına qətiyyən dəxli yoxdur. Onun sözlərinə görə, manat çatışmazlığının özü də ayrı-ayrı vəzifə sahiblərinin fəaliyyətinin nəticəsidir. O deyir ki, iqtisadi inkişaf nazirinin prezidentin sahibkarlara ayırdığı 200 milyard manatı aparıb yerlərdə nağd şəkildə paylaması belə hallardandır. Halbuki, həmin pullar sahibkarın bank hesabına köçürülə bilərdi.



Cənab Həsənlinin fikrincə, artıq Azərbaycanın iqtisadi strukturlarına maliyyə bazarına bələd olan, pul sistemini bilən peşəkar adamlar gəlməlidirlər. Yoxsa, bundan da təhlükəli hadisələrin yenə baş verməsi qaçılmazdır.



Sentyabrın 19-da vəziyyətdə dəyişiklik özünü büruzə versə də, Bakının mərkəzində məntəqələrin əksəriyyəti hələ də işləmir. Məntəqələrin bir qismi ümumiyyətlə, bağlıdır. Bir qisminin sahibi isə qapını açsa da, yaxınlaşanda məntəqənin işləmədiyini deyir. Ancaq heç kim bu barədə danışmaq istəmir.



Məntəqələrin bir hissəsinin işləməməsi digərlərinin müştərisini xeyli artırıb. Ancaq baş verən hadisədən konkret ziyan çəkənlər də var. Bu lisenziyaları əlindən alınan valyutadəyişmə məntəqələridir. Dolların qiymətinin kəskin aşağı düşməsi artıq bir neçə məntəqənin işini birdəfəlik dayandırmasına gətirib çıxarıb.
XS
SM
MD
LG