Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

"Bal" deməklə ağız şirin olmaz


Səs: Real audio
Onlar «Azadlıq» seçki blokunun təşkil etdiyi konfransa qatılacaqlar Arıçılar əməklərinin çətin olduğunu deyirlər



Azərbaycan arıçıları sentyabrın 14-də Bakıda "Nərimanov" metro stansiyasının yaxınlığındakı bağa toplaşıb istehsal etdikləri balın həm sərgisini, həm də satışını keçirirdilər. Ölkənin əksər bölgələrinin arıçılarını sentyabrın 18-nə qədər burada görmək olacaq. Daşkəsəndən, Gədəbəydən, Lənkərandan, Qubadan, Zaqataladan olan arıçılar kilosu 50 min manatdan bal təklif edirdilər.



Lerikdən olan arıçı İlham Vəliyev baha olduğunu deyib qiymətdə onunla razılaşmayan alıcılara istehsalın ən çətin yerindən danışırdı: «Elə bilirsiz, asandır, arı çalanda ağrısı bir həftə getmir».



Onun 20-yə yaxın arısı var. Hər yeşikdən 5 kilodan 15 kiloya qədər bal götürə bilir. Bura gələn alıcıları isə balın keyfiyyəti maraqlandırırdı. İlham Vəliyev ona inanmayanlara sertfikatları da göstərir:



«Balın təmizliyi laboratoriyada yoxlanır. Analizdən keçirilib, diqqətlə baxın. Süzülmüş baldır».



Biləsuvardan olan Vaqif isə təmiz balı saxtadan necə ayırmağı alıcılara daha sadə dildə başa salırdı:



«Adi qəzetin üstünə yaxırsan, beş dəqiqə ərzində qəzet islanmırsa, demək, təmizdir, islanırsa, şəkər qatıblar. Bir də yandıranda bilmək olur».



Yarmarkaya gələnlər çox olsa da, alıcılar çox deyildi. Alanlardan isə razı qalanlar da vardı. Almaq istəyənlərdən biri imkanının olmadığını deyəndə, ona hədiyyə verən də tapıldı.



Yarmarkada təkcə bal yox, arıçılığın digər məhsulları da satışa çıxarılmışdı. Masallıdan gələn Telman Şiriyev satdıqlarının müalicəvi əhəmiyyətindən danışırdı:



«Vərəmin var, çiçək tozu var. Kəskin zehni yorğunluğa, boyu kiçik olan uşaqlara, mədə-bağırsaq xəstəliklərinə dərman kimi istifadə olunur».



Yarmarkada 800 min manata satılan bal da vardı. Qəbələdən gələn İmran Atayev ağac kötüyünün içindəki arı şanını meşədən götürüb:



«Bunu tapmaq çox çətindir. Meşədən şan yandırmalısan ki, arılar gəlsin».



Arıçılar əməklərinin çətin olduğunu, bahalaşmanın, texnika çatışmazlığının bu sahədən də yan keçmədiyini deyirlər:



«İstədiyin vaxt istədiyin yerə köçə bilmirsən". "Şan tapmırıq, çərçivə tapmırıq, yeşik yoxdur, çətinlik çəkirik».



Kənd Təsərrüfatı Nazirlyinin şöbə rəisi Çingiz Fərəcov da arçlığın inkişaf etdirilməsi üçün perspektivin olduğunu deyir:



«Biz bu sahənin inkişafına çalışmalıyıq. Evdə ən yaxşı iş yerləri ola bilər. Bal istehsalını 40 min tona çatdırmağı, bununla işləyən adamların sayını artırmağı düşünürük».



Şəmkirdən gələn Misir Məmmədov hökumətə təklif də verdi:



«Bütün arıçılar da, hökumət də bilsin. Arı birliyi, məntəqə yaratmaq lazımdır. Pambıq məntəqəsi kimi. Bala qiymət vermək lazımdır və s».



Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda 100 min arı ailəsi var. Onlara 300 arıçı qulluq edir. Ötən illə müqayisədə ölkədə arı ailələrinin sayı 4 minə yaxın, arıçıların sayı isə 200 nəfər artıb. Hər il orta hesabla ölkədə 10 min ton bal istehsal olunur. Həmin bal hələ ki, ancaq ölkə daxilində satılır.
XS
SM
MD
LG