Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

"Azərbaycanda bakterioloji silah yoxdur"


Səs: Real audio
Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Azərbaycanın Səhiyyə Nazirliyi (SN) ABŞ-a bakterioloji silah nümunələrinin göndərilməsilə bağlı məlumatları təkzib edir. Nazirliyin sentyabrın 7-də yaydığı məlumatda deyilir ki, Azərbaycanda heç vaxt bakterioloji silah olmayıb.



Səhiyyə nazirinin müavini, Baş Dövlət Sanitariya həkimi Abbas Vəlibəyov deyir ki, Birləşmiş Ştatlara göndərilən nümunələr müxtəlif xəstəliklərin törədicisi olan mikroorqanizmlərdir: "Məqsəd həmin mikroorqanizmlərin genetik strukturunu öyrənməkdir".



Onun sözlərinə görə, Bakıdakı Taun Əleyhinə Stansiyanın canlı mikrob kulturaları muzeyindən (mikrobların əkilməsi üçün mühit) aparılan həmin mikroorqanizmlərin surətini amerikalı mütəxəssislər təhlil edəcəklər: «Azərbaycanda bunun üçün şərait olmadığından bu işi amerikalı alimlər həyata keçirəcəklər».



Nazir müavini deyir ki, həmin mikrobların genetik xüsusiyyətləri bəlli olandan sonra təhlükəli yolxucu xəstəliklərin qarşısını almaq asan olacaq. Cənab Vəlibəyov hesab edir ki, bununla həm də bioterrorizmin hardan qaynaqlandığını da öyrənmək mümkün olacaq.



A.Vəlibəyov onu da deyir ki, mikroorqanizmlərin saxlandığı mikrob kulturaları muzeyləri dünyanın bütün ölkələrində mövcuddur.



«Azəripress» Agentliyinin yaydığı məlumata görə, Azərbaycandan ABŞ-a sibir xorası, taun, vəba və digər təhlükəli yolxucu xəstəliklərin yayıcısı olan 124 virus törədicisi aparılıb. Bildirilir ki, buna razlıq bu yaxınlarda Bakıda səfərdə olan amerikalı senator Riçard Luqarla prezident İlham Əliyev arasında keçirilən görüşdən sonra əldə olunub. Məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlara məxsus hərbi-nəqliyyat təyyarəsi ilə həmin viruslar Amerika Silahlı Qüvvələri Patologiya İnstitutunun laboratoriyasına aparılıb.
XS
SM
MD
LG