Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:06

Terri Devis: «Seçkidə müəyyən saxtakarlıqlar olacaq»<p align=`left`><br><br>


Səs: Real audio
AŞPA-nın baş katibi: "Ancaq buna baxmayaraq seçkilərdən sonra hakimiyyədə kim olsa, onunla işləmək lazımdır ki, mövcud ola biləcək problemləri aradan qaldırıb, gələcəkdə ədalətli seçkilərin keçirilməsinə şərait yaratmaq mümkün olsun" «Mənim bu gün Bakıda olmağımın yeganə məqsədi və deyiləcək əsas sözüm budur: Parlament seçkisinin dünya standartlarına tam uyğun olaraq azad və ədalətli keçirilməsi Azərbaycanın demokratik inkişafı üçün həyati əhəmiyyət kəsb edir». Bunu Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Terri Devis sentyabrın 5-də «Seçkilər və demokratiyanın inkişafı» mövzusunda keçirilən konfransda söylədi.



O, prezident İlham Əliyevin 11 may tarixli sərəncamına da toxundu. «Kimsə bu sərəncamı pozarsa, deməli, o prezidentin əlehyinə gedir və Azərbaycan dövlətçiliyinə xəyanət edir. Ölkənizin gələcəyinə görə məsuliyyət hakimiyyət və Azərbaycan xalqının üzərinə düşür. Avropa Şurası sizə yalnız dəstək verə bilər» - deyə, AŞPA baş katibi vurğuladı.



Cənab Devis hakimiyyətlə müxalifət arasında dialoqun davam etdirilməsinin də vacibliyini bildirir.



Konfransda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov isə deputatlığa namizədlərin son parlament seçkisindən beş dəfə çox olduğunu dedi.



AŞPA-nın keçmiş rəhbəri, lord Rassel-Conston isə seçicilərin barmaqlarına xüsusi mürəkəbin vurulmasının zəruri olduğunu bildirir. O, eks-spiker, ADP sədri Rəsul Quliyevin Azərbaycana qayıdacağı təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacağına ümid etdiyini, məhkəmələrin müstəqil, İctimai Televiziyanın isə bitərəf fəaliyyət göstərməsinin vacibliyini vurğuladı.



Müsavat Partiyasının başqanı İsa Qəmbər isə parlament seçkisinin şəffaf keçiriləcəyi ilə bağlı səslənən nikbin fikirlərlə razılaşmır: «Bu, optimizm nəyə əsaslanır? Düzdür, beynəlxalq birlik Azərbaycana diqqəti xeyli artırıb. Ancaq dəyişən bir şey yoxdur. Qarşınızda Məzahir Pənahov oturub. Bu adam 2003-cü ilin prezident seçkisini saxtalaşdırıb. Həmin adamlar yenə seçki keçirəcəklər. Saxtalaşdırmalara görə heç kim cəzalandırılmayıb».



Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ünvanına söylənən ittihamları qəbul etmədi.



Axşam saatlarında isə Terri Devis Bakıda keçirdiyi görüşlərin nəticələrinə həsr olnumuş mətbuat konfransı keçirdi. O, müstəqillik əldə edilən vaxtdan əvvəl və sonra Azərbaycanda baş tutan seçkilərin həmişə tənqidə məruz qaldığını bildirdi. Cənab Devis qarşıdan gələn parlament seçkisinin də yüz faiz ədalətli keçəcəyinə inanmadığını deyir: «Əgər belə olarsa, mən təəccüblənərəm. Müəyyən saxtakarlıqlar olacaq. Ancaq buna baxmayaraq seçkilərdən sonra hakimiyyədə kim olsa, onunla işləmək lazımdır ki, mövcud ola biləcək problemləri aradan qaldırıb, gələcəkdə ədalətli seçkilərin keçirilməsinə şərait yaratmaq mümkün olsun».



AŞPA-nın baş katibi bir sıra məsələlərin – şəxsiyyət və seçici vəsiqələrinin əhaliyə operativ verilməsinin zəruriliyini bildirdi: «Ancaq bütün bunların əvəzinə, seçicilərin barmaqlarını mürəkkəblə işarəsələr, məsələ daha asan həll oluna bilər».



O, eks-spiker, ADP sədri Rəsul Quliyevin Azərbaycana qayıtmaq məsələsinə toxunaraq, problemin məhkəmədə həll olunduğunu və verəcəyi açıqlama ilə çıxarılacaq qərara təsir etmək fikrində olmadığını vurğuladı.



Baş katib bəzi jurnalistlərin siyasətçilərin baxışlarına yox, şəxsi həyatlarına müdaxiləsini "arzuolunmaz hal" adlandırdı.
XS
SM
MD
LG