Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:16

Tələbələrin təqaüdü artırıldı. İndi dolanışığa çatacaqmı?


Səs: Real audio
Riçard Luqar: «Azərbaycan güclü demokratiya qurmaq yolundadır» Prezident İlham Əliyev aspirant və tələbələrin təqaüdlərinin 2.5 dəfə artırılması ilə bağlı sərancam verdi.



Buna qədər aspirantlar təqribən 100 min manat təqaüd alırdılar. Sentyabrın 1-dən etibarən isə onların təqaüdləri 250 min manat olacaq ki, bu da təqribən 50 ABŞ dollarından bir qədər çoxdur.



Tələbələr isə indiyə qədər 30 min manatdan 90 min manata qədər təqaüd alırdılar. Rəqəmlərin belə fərqli olmasında onların aldıqları qiymət, əlaçı olub-olmamaları əsas götürülürdü. Yenə də həmin prinsiplərdən asılı olaraq tələbələrin də təqaüdləri aspirantlar kimi 2.5 dəfə artırılıb.



"21-ci əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev deyir ki, bu artım belə tələbələrin ehtiyaclarını tam ödəməyəcək. Onun sözlərinə görə, tələbələrin təqribən 30 faizi ölkənin müxtəlif bölgələrindən gəliblər. Yataqxanaların əksəriyyətində qaçqınlar məskunlaşdığından onlar kirayə ev tutmaq məcburiyyəti qarşısında qalıblar. Bakıda isə artıq 50 dollardan ucuz mənzil kirayələmək mümkün deyil:



"Bundan başqa, ali məktəblərdə dərsliklər kifayət qədər yoxdur. Müəlliflər öz kitablarını tələbələrə baha qiymətə, məcburi qaydada satırlar. Ərzağın qiyyməti də əvvəlki illərlə müqayisədə çox bahalaşıb".



Etibar Əliyev deyir ki, indi ölkənin ali məktəblərində ödənişli təhsil dövlət hesabına təhsili müəyyən qədər üstələyib. Ödənişli təhsil alanlara təqaüdlərin verilmədiyini nəzərə alanda isə dövlət başçısının bu sərəncamının əhatə dairəsinin o qədər də geniş olmadığı qənaətinə gəlmək mümkündür.



Tələbələrin özlərinin bu sərəncama münasibətləri isə birmanalı deyil. Kimisi dövlət başçısına sadəcə təşəkkür edir, kimisi də hesab edir ki, sərəncamın arxasında siyasi məqsədlər durur.



Oxşar fikirləri aspirantlarla da bağlı eşitmək olar. Etibar Əliyevin sözlərinə görə, üstəlik nəzərə almaq lazımdır ki, aspirantların tələbələrdən fərqli olaraq böyük əksəriyyəti ailəli olur. Ailəli insanın isə sırf elmlə məşğul olmasına heç 250 min manat da kifayət edə bilməz.



Etibar Əliyev deyir ki, aspirantların bir çoxu məcburiyyət üzündən başqa sahələrdə də çalışmalı olurlar. Bəzən isə iki sahədə paralel olaraq çalışmaq mümkün olmadığından çoxları elmi fəaliyyətlərini axıra qədər davam etdirə bilmirlər.



Ancaq bunu bacaranlar da var. Hər halda Memarlıq və İnşaat Unversitetinin aspirantı, Yeni Azərbaycan partiyası Gənclər Təşkilatının üzvü Qabil Qafarov deyir ki, biznesə də vaxt ayıra bilir və elmi işindən müəyyən qədər uzaqlaşsa da, bu, ona maddi problemlərini tamamilə həll etməyə imkan verir.



Qabil Qafarov hesab edir ki, ölkədə gənclərə yaradılan şərait getdikcə yaxşılaşmaqdadır. Elmi fəaliyyətlə məşğul olan gənclər əlavə gəlir sahələri axtarmaqla mövcud problemləri yoluna qoya bilirlər.



Ancaq Vaşinqton Universitetinin doktoru Vüqar Bayramov hesab edir ki, bütün hallarda biznes elmi fəaliyyətə mane olur. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu Birləşmiş Ştatlarda olduğu kimi istedadlı gənclərin tam dövlət qayğısına götürülməsidir.



Vüqar Bayramovun sözlərinə görə, Birləşmiş Ştatlarda istedadlı tələbə və aspirantlara müəyyən dövlət qayğısı yaratmaqla həm onların maddi problemlərlə üzləşməsinə imkan verilmir, həm də bununla yeni-yeni elmi nailiyyətlər əldə edilir. Nəticədə isə dövlət tək istedadlı gənclərin yox, həm də özünün qayğısına qalır.
XS
SM
MD
LG