Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:14

Divarlara narıncı rəngdə «...et!» sözü yazan gənclər saxlanılıb


Səs: Real audio
Bir qrup gənc isə İlham Əliyevin siyasətini dəstəkləyən «İrəli» hərəkatı yaradıb Avqustun 25-də gecə «Çağrı» və «Son» gənclər hərəkatlarının 10 üzvü binalara parlament seçkisi ilə bağlı bir sıra şüarlar yazarkən polis tərəfindən saxlanıb.



Müsavat partiyası mətbuat xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, saxlanılan gənclərdən dördü partiyanın nəzdindəki «Çağrı» təşkilatının, qalanları isə ADP-nin üzvləridir.



Müsavat başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Mehman Cavadoğlu deyir ki, gənclər “Azadlıq” seçki blokunun mətbuatda apardığı “Mənim adım hanı?” kampaniyasını vərəqələr şəklində divarlara yapışdırarkən saxlanılıblar. «Çağrı»nın iki üzvü Yasamal rayon 26-cı Polis Bölməsinə, qalan ikisi isə Nərimanov rayon 18-ci Polis Bölməsinə aparılıb.



Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşı bizimlə söhbətdə bildirdi ki, həmin şəxslər binalara narıncı rəngdə müxtəlif şüar və sözlər yazmaqla yanaşı həm də saxlanılarkən polisə müqavimət göstəriblər.



Artıq hərəkat üzvlərindən 4-ü barəsində 10 və 12 gün müddətində həbs qərarı çıxarılıb və onlar Qaraşəhərdəki müvəqqəti saxlanma təcridxanasına aparılıb.



ADP Gənclər Təşkilatının sədri Nizami Həsənoğlu deyir ki, eyni vaxtda şəhərin müxtəlif yerlərinə narıncı rəngdə “...et!” [hərəkətə çağırış mənasında, məsələn, "Seçimini et!", "Qarabağı azad et!" və s.-red.] sözü yazmaqla gənclər seçki ilə bağlı həmyaşıdlarını öz hüquqlarını müdafiə etməyə çağırıblar.



Gənclərdən bir neçəsinin hüqüqunu müdafiə edən vəkil Mübariz Qarayev isə deyir ki, onların divarlara nə isə yazmasında cinayət tərkibi yoxdur.



Ölkə prezidentinin siyasi kursunu müdafiə edən bir qrup gənc isə avqustun 26-da «İrəli» gənclər hərəkatı təsis ediblər.



Təşkilatın təsisçilərindən Ceyhun Osmanlı deyir ki, onların məqsədi prezident İlham Əliyevin islahatlar kursunu müdafiə etməkdir.
XS
SM
MD
LG