Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:23

Deputat olmaq istəyənlərin sayı sürətlə artır


Səs: Real audio
Ədliyyə Nazirliyində «qaynar xətt» yaradılıb Parlament seçkilərində deputat olmaq istəyənlərin sayı artıq 800 nəfərdir. MSK-nın məlumatına görə, dünən 750 idi.



Təbii ki, namizədin çox olması demokratiya əlamətidir, bir də namizəd nə qədər çox olsa, seçkinin demokratik keçəcəyinə ehtimal da artır. Ancaq bu çoxluğun özünəməxsus səbəbləri də var.



Mütəxəssislərin fikrincə, namizədlərin sayının belə sürətlə artmasında "qara piar"ın – qarayaxmanın da rolu az deyil.



Konstitusiya Araşdırmaları Fondunun prezidenti, millət vəkili Əliməmməd Nuriyev deyir ki, bəzi namizədlər özləri ilə bərabər bir neçə nəfərin də qeydə alınmasını təmin edirlər. Həmin şəxslər isə təbliğat kampaniyası zamanı onun əsas rəqibinə qara yaxmaqla məşğul olur.



Millət vəkilinin sözlərinə görə, başqa subyektiv səbəblər də var. Bəzi namizədlər rəqiblərin istənilən vaxt öz namizədliyini geri götürəcəyindən, nəticədə alternativ olmadığı üçün həmin dairədə seçkinin baş tutmayacağından ehtiyatlanaraq adamlarından birini süni alternativ qismində qeydə aldırırlar.



Əliməmməd Nuriyev bu işdə siyasi partiya və blokların da rolunun az olmadığını deyir. O hesab edir ki, namizədinin sayının çox olduğunu göstərmək üçün bəzi partiyalar kimi gəldi namizəd edirlər: "Elələri də var ki, bacarıq, səriştə və seçilmək imkanlarının reallığa nə dərəcədə uyğun olub–olmadığını nəzərə almadan, görüntü yaratmaq xatirinə, bəhsə düşüb namizədliyini verir».



Milli QHT Forumunun prezidenti, «İctimai Liderlər» seçki blokunun həmtəsisçisi Azay Quliyevin fikrincə, indiki namizədləri 3 qrupa bölmək olar. Birinci qrup həqiqətən seçkilərdə iştirak edib qalib gəlmək iqtidarında olan insanlardır.



İkinci qrup sadəcə siyasi görüntü yaratmaq üçün özlərinin və ya kimlərinsə təşəbbüsü ilə namizədlikləri irəli sürülənlərdir ki, onların da bir hissəsi qarayaxma üçün nəzərdə tutulub.



Üçüncü qrupsa imkanlarını nəzərə almadan həvəsə düşüb namizədliklərini verənlərdir.



Bütün bunların və ümumiyyətlə, namizədlərin çoxluğunun təbliğat prosesinə, seçkilərin nəticələrinə nə dərəcədə təsir edəcəyinə gəlincə, Əliməmməd Nuriyev deyir ki, çox zaman bunun bütövlükdə seçki kampaniyasının azad və ədalətli keçirilməsinə heç bir təsiri olmur.



Azay Quliyevə görə isə, seçki texnologiyası və seçkilərin keçirilməsi baxımından bütün bunlarda elə bir qeyri-adilik yoxdur. Ancaq bu kimi ümummilli məsələlərə belə məsuliyyətsiz yanaşanlara artıq Azərbaycan cəmiyyəti ikrahla baxır, qeyri-ciddi insanlar kimi yanaşır.



«İctimai Liderlər» blokunun həmtəsisçisinin fikrincə, əgər seçicilər bu məsələyə ciddi yanaşarlarsa, onda saxtakarlıqların qarşısının alınması imkanları xeyli artmış olacaq.
XS
SM
MD
LG