Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

YAP-la «Azadlıq» bloku dialoq mövzusunda dil tapmır


Səs: Real audio
Onlar ömürlük həbs cəzasının dəyişdirilməsini tələb edirlər Ötən həftə Yeni Azərbaycan partiyasının qərargahında partiyalararası dialoqun növbəti raundu keçirildi. Ancaq əvvəlki görüşlərdən fərqli olaraq «Azadlıq» blokuna daxil olan partiyalar bu müzakirələrə qatılmadı. Qarşılıqlı iddialarından məlum oldu ki, YAP maliyyə mənbələrinin araşdırılması mövzusunun üzərində dayansa da, «Azadlıq» blokuna daxil olan partiyalar seçki məsələlərinə üstünlük verirlər.



Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, «Azadlıq» blokunun maliyyə mənbələrinin müzakirəsində maraqlı olmaması onların öz fəaliyyətlərində şəffaflığın yaradılmasını istəməmələri ilə izah edilməlidir. Mübariz Qurbanlı hesab edir ki, həmin bloka daxil olan partiyalar bir növ şübhəli məqamların aydınlaşmasından ehtiyatlanırlar.

Onun sözlərinə görə, siyasi partiyaların maliyyə mənbələrinin araşdırılması da seçkinin tərkib həssəsidir və YAP seçkiyə aid bütün məsələlərin müzakirəsinə hazırdır.



«Azadlıq» blokuna daxil olan Azərbaycan Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu isə deyir ki, hakim Yeni Azərbaycan partiyası maliyyə mənbələrinin müzakirəsini gündəliyə gətirməklə diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. Onun sözlərinə görə, indi dialoqun başlıca mövzusu seçkidə bütün qüvvələrə bərabər imkanların yaradılması olmalıdır: "Ölkə qanunvericiliyi partiyalara xaricdən maliyyələşməyə imkan vermir. YAP-ın əlində faktlar varsa, bunu prokurorluğa təqdim etsin. Bu məsələni oturub müzakirə etməyə nə ehtiyac var?"



Sərdar Cəlaloğlu deyir ki, hakimiyyət seçki ilə bağlı müzakirələrdən qaçmaqla yenə də seçkiləri saxtalaşdırmaq niyyətində olduğunu üzə çıxarmış olur. Bu bir daha göstərir ki, hakimiyyət demokratik seçki mühitinin yaradılmasında maraqlı deyil.



Yeni Azərbaycan partiyası «Azadlıq» blokunun partiyalararası dialoqda iştirak etməməsini elə də ciddi problem saymır. Hər halda, bu partiyanın icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, müxalifət tək «Azadlıq» blokundan ibarət deyil: "Başqa müxalifət qüvvələri var, biz onlarla danışıqları davam etdirəcəyik".



ADP baş katibi Sərdar Cəlaloğlu isə YAP-ın «Azadlıq» blokundan kənardakı müxalifət qüvvələri ilə dialoquna uğurlar diləyir. Ancaq onun sözlərinə görə, söhbət hakimiyyət-müxalifət dialoqundan gedirsə, danışıqlar real gücə malik qüvvələr arasında aparılmalıdır. Sərdar Cəlaloğlu hesab edir ki, bu vaxta qədər keçirilən kütləvi aksiyalar da kimin nə qədər gücə milik olduğunu göstərir.



Yeni Azərbaycan partiyasında keçirilən sonuncu görüşdə iştirak edən Milli İstiqlal partiyasının sədri Əli Əliyev də deyir ki, «Azadlıq» blokunun danışıqlardan kənarda qalması bu prosesdə müxalifətin bütün spektrinin təmsil olunmaması kimi yozulmalıdır. Ancaq o, «Azadlıq» blokunun görüşdən imtina etməsini təqdir etmir: "Dialoq imkanları hələ tam əldən verilməyib. Üstəlik, bu prosesdə axıra qədər iştirak etmək lazımdır ki, sonradan hakimiyyətin əlinə arqumentlər verilməsin. Axıra qədər sübut etmək lazımdır ki, hakimiyyət dialoq mühitinin yaradılmasında maraqlı deyil".



Əli Əliyev hesab edir ki, «Azadlıq» blokunun danışıqları davam etdirməməsi heç də dialoq ideyasının iflasa uğraması anlamına gəlməməlidir.



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi də «Azadlıq» blokunun YAP-da keçirilən sonuncu görüşdə iştirak etməməsi ilə bağlı təəssüfünü bildirib. Cənab Pavesi deyib ki, bu, ölkədə dialoq mühitinin yaradılmasına fayda gətirməyəcək. Bununla belə o, belə bir ümüd də dilə gətirib ki, danışıqların növbəti raundunda «Azadlıq» bloku da dialoq prosesində yaxından iştirak edəcək.
XS
SM
MD
LG