Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:13

Vətəndaşlar imza verə bilmirlər


Səs: Real audio
"Biz Özbəkistanda şahidi olduğumuz hadisələrin təkrarlanmasını istəmirik" İmza toplayan deputatlığa iddialı şəxslərdən bəziləri bir sıra problemlərlə üzləşdiklərini bildirirlər. Özü də bu problemlər təkcə qanunla nəzərdə tutulan qaydalara riayət edilməsində yox, bir sıra sosial məqamlarda da özünü büruzə verir. Belə ki, imza toplayanın işıq və ya qaz pulu yığan olduğunu düşünüb qapını açmayanlar, deputatlara inamı olmadığı üçün imza verməkdən imtina edənlər də var. Ancaq əsəs problem vətəndaşların bir hissəsinin şəxsiyyət vəsiqəsinin olmamasıdır.



20 saylı Nərimanov Seçki Dairəsində imza toplayan Orxan Həsənov deyir ki, müraciət edilənlərin bir çoxu şəxsiyyət vəsiqəsi olmadığı üçün imza verə bilmirlər. Bəziləri isə günahın polisdə olduğunu deyib köhnə Sovet pasportları ilə imza vermək istəyirlər.



Orxan Həsənovun sözlərinə görə, şəxsiyyət vəsiqələrinin olmamasından savayı digər sosial problemlər də imza toplanması prosesini xeyli yubadır. Xüsusilə də əhalinin işsiz və kasıb hissəsi. Onların bəziləri hətta qapını da açmaq istəmirlər.



Əhmədli qəsəbəsində yaşayan Səadət Məmmədova isə deyir ki, namizədlərə imza toplamaq məqsədilə onların qapısını döyənlar olsa da, qapını açmayıblar. Ancaq buna səbəb ödənilməyən kommunal xərclər və ya şəxsiyyət vəsiqəsinin olmaması deyil. Sadəcə deputatlara inanmırlar.



Səadət Məmmədova deyir ki, ailədə 4 nəfərdirlər, hamının da şəxsiyyət vəsiqəsi var. O ki qaldı qonşulara, onların arasında şəxsiyyət vəsiqəsi olmayanlar var. Belələrinin bir qismi şəxsiyyət vəsiqəsi almağa çalışsa da, növbəyə dayanmaqdan bezənlər və bu işdə tənbəllik edənlər də az deyil.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov deyir ki, problemin tezliklə həll edilməsi üçün nazirlik lazımi işlər görür. O, iyulun 27-nə olan məlumata əsasən artıq Bakı şəhərində əhalinin 91 faizinin şəxsiyyət vəsiqəsi ilə təmin olunduğunu bildirir. Bölgələrdə isə bu proses paytaxta nisbətən bir qədər zəif gedir.



Cənab Zahidov əlavə edir ki, daxili işlər naziri Ramil Usubov da iyulun 27-də DİN-də keçirilən yığıncaqda şəxsiyyət vəsiqələri ilə bağlı problemə toxunub və tezliklə bu problemin aradan qaldırılmasının zəruriliyini bildirib. Cənab Usubov deyib ki, parlament seçkilərinə qədər hamı şəxsiyyət vəsiqəsi almalıdır.



MSK-nın mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, indiyə qədər 121 dairədən 482 nəfər imza vərəqəsi götürüb. Onların heç birindən bu quruma hansısa problem barədə məlumat daxil olmayıb.
XS
SM
MD
LG