Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Seçki məhbusu adlananlar məhkumluqdan qurtara bilmirlər


Səs: Real audio
Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq 2003–cü ilin 15-16 oktyabr hadisələrində 100-dən çox adam həbs olunmuşdu. Onların bir qismi 5 ilə qədər azadlıqdan məhrum edilmiş siyasi partiyalar və ictimai təşkilatların rəhbərləri idilər. Bu şəxslər həbsdən azad edildikdən sonra onlar da daxil olmaqla seçki məhbusları hesab edilən şəxslərin üzərindən məhkumluğun götürülməsi məsələsi gündəmə gəldi. Bu barədə müvafiq orqanlara xeyli müraciətlər də olundu.



Artıq məhkəmə qərarı ilə müxalifət liderlərindən 5-nin – Pənah Hüseynov, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, İbrahim İbrahimli və Etimad Əsədovun üzərindən məhkumluq götürülüb. Ancaq Arif Hacılı, İlqar İbrahimoğlu və Rauf Arifoğlunun məhkumluğu hələ də qalmaqdadır.



«Cümə» dini icmasının rəhbəri, İnsan Hüquqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru İlqar İbrahimoğlu deyir ki, «hakimiyyət oktyabr hadisələri ilə əlaqədar eyni maddə ilə həbs edilənlərin bir qisminin üzərindən məhkumluğu götürüb digərləri üzərində saxlamaqla onları çaşdırmağa, araya nifaq salmağa çalışır. Ancaq bu yolla bizi üz – üzə qoymaq olmaz. Çünki, biz bir yerdə sınaqdan çıxmış adamlarıq və bir birimizi yaxşı tanıyırıq».



İlqar İbrahimoğlu gec-tez onların üzərindən bu məhkumluğun götürüləcəyinə əmin olduğunu bildirir.



Yeni Azərbaycan partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə, hüquqdan az –çox anlayışı olan adam yaxşı bilir ki, hətta eyni maddə ilə məhkum olunanların təkrar məhkəməsinin nəticələri də müxtəlif ola bilər. Bunun konkret səbəbləri var:



«Birincisi, onlar eyni maddənin müxtəlif bəndləri ilə məhkum edilmişdilər. İkncisi isə, məhkəmə prosesində onların islah olunmaları, həbsdə olduqları müddətdə özlərini necə aparmaları və sair məsələlər də nəzərə alınır».



Siyavuş Novruzov deyir ki, əgər sadaladığı faktlar öz əksini tapmırsa, onda məhkumluğa vaxtından əvvəl xitam verilə bilmir.



AXCP sədri Əli Kərimli baş verənləri qarşıdakı parlament seçkiləri ilə əlaqələndirir. Onun fikrincə, ölkədə qanunsuz şəkildə həbs olunmuş insanların bir hissəsinin üzərindən məhkumluğun götürülməməsi onu göstərir ki, iqtidar xalqın, müxalifətin və beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq demokratik seçkilərə hazırlaşmır, bu yolla müəyyən adamları seçkilərdən kənarda saxlamağa çalışır.



AXCP sədri deyir ki, müxalifət tarixi hadisələrdən nəticə çıxarmalı və əvvəlki səhvlərə yol verməməlidir. Kimlərin ki, seçkilərdə iştirakına əngəl törədilir, hamılıqla onlara kömək edilməlidir. Ancaq həmin şəxslər də təmkinli olmalı, seçkilərdə iştirak edəcək yoldaşlarına yox, maneçilik törədən hökumətə qarşı mübarizə aparmalıdırlar.



Siyavuş Novruzov isə deyir ki, bunun parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Həmin şəxslərin üzərindən məhkumluğun götürülməsinin uzadılması hansısa sifarişə yox, hüquqi əsaslara söykənir.



"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılovun sözlərinə görə isə, keçmiş məhbusların bir qisminin üzərindən məhkumluğun götürülməməsi subyektiv amillərə bağlıdır. Bu məsələdə hakimiyyətin yuxarılarında mövqe tutan məmurların birbaşa iştirakı var:



«Bu konkret adamların konkret adamlara olan münasibətidir. Bunu başqa heç cür izah etmək mümkün deyil. Əgər belə olmasaydı, qanun həmin adamların hamısına eyni şəkildə tətbiq olunardı».



Eldar İsmayılov bu yolla hakimiyyətin seçki məhbusları adlanan şəxsləri üz – üzə qoya biləcəyinə inanmasa da, bir qrup adamın seçkilərdə iştirakına maneçilik törədəcəyini mümkün sayır.


XS
SM
MD
LG