Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Magistraturalarda 2000 yer boş qalıb


Səs: Real audio
«Ümid edirəm ki, tezliklə ciddi və davamlı irəliləyiş əldə edəcəyik» Magistraturaya imtahanların birinci mərhələsindən sonra məlum olub ki, ali məktəblərin magistraturalarında 2000-ə qədər boş yer qalıb. Yəni, ölkə üzrə magistr yerlərinin sayı 6010-sa, birinci mərhələdən cəmi 4361 bakalavr keçib.



Magistraturaya imtahanların birinci mərhələsində tələb olunan minimum 50 balı toplaya bilməyən Səadət Nəsibova deyir ki, imtahandan kəsilməsinin səbəbi test suallarının həddindən artıq çətin olması ilə bağlıdır. Bundan başqa, onun sözlərinə görə, magistraturaya qəbul birinci ildir ki, test üsuluyla keçirildiyindən bu işdə tələskənliyə yol verilib və onun imtahana lazımınca hazırlaşmağa vaxtı az olub.



Səadət Nəsibova deyir ki, sualların bir qismi orta məktəb proqramına aid olub və qısa müddət ərzində həmin proqramı lazımınca təkrarlamaq mümkün deyildi: «Biz ali məktəbə qəbul imtahanı verəndə məsələn, tarixdən 27 kitab üzrə hazırlaşmışdıq. Magistraturaya imtahanlarda da orta məktəb proqramından suallar salınmışdı. Qısa müddət ərzində 27 kitabı necə təkrarlamaq olar?»



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) isə sualların çətin olması fikriylə razı deyil. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hikmət Kazımov deyir ki, magistraturaya test imtahanları ilk dəfə keçirildiyindən, suallar bir qədər sadə tərtib edilib: «Bu mərhələdə sadəcə, bakalavrların intellektual səviyyəsi yoxlanırdı və suallar kifayət qədər sadə idi».



Hikmət Kazımov onu da deyir ki, magistraturaya əlavə qəbulun keçirilməsi nəzərdə tutulmayıb.



O ki qaldı ali məktəblərin magistraturalarında boş yerlərin qalmasının pis, yaxud yaxşı olması məsələsinə, buna da münasibət birmənalı deyil.



Parlamentin təhsil komissiyasının sədri Şahlar Əsgərov deyir ki, bu, Azərbaycan elminə böyük zərbədir: «Bu boş yerlər gələcək alimlərin yerləri idi. Həmin yerləri boş saxlamaq olmazdı».



Şahlar Əsgərov ümumiyyətlə, magistraturaya qəbulun test üsuluyla keçirilməsini düzgün saymır və hesab edir ki, magistraturada oxumaq istəyənlərin bilik səviyyəsini yoxlamaqla ali məktəblərin özləri məşğul olmalıdır.



TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hikmət Kazımovun fikrincə isə, gələcəyin alimlərinin yetişdirilməsində «az olsun-keyfiyyətli olsun» prinsipini əsas tutmaq lazımdır: «Biz savadsızları magistraturaya qəbul edib Azərbaycanın ali məktəblərinin, elminin nüfuzunu aşağı sala bilmərik».



TQDK-dan verilən məlumata görə, magistraturaya imtahanların ikinci mərhələsinin cavabları iyulun 18-də elan ediləcək.
XS
SM
MD
LG