Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:14

İslahatları kim istəmir?


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Artıq neçənci dəfədir ki, Avropa Şurasında Azərbaycan prezidentinin ətrafının demokratik islahahatlara mane olması haqqında fikirlər səslənir. Sonuncu dəfə isə belə fikir bu qurumun yay sessiyasında Azərbaycan üzrə məruzəçi Andreas Qrossun dilindən səslənib.



Mediada İctimai Problemlərin Həlli Mərkəzinin rəhbəri Fikrət Fərəməzoğlu deyir ki, hökumət üzvlərinin əksəriyyəti keçmiş dövlət başçısı Heydər Əliyevin komandasında olublar və onların heç birinin islahatçı imici yoxdur. Üstəlik, dövlət başçısının ətrafı ilə bağlı söz-söhbətlər Heydər Əliyevin də dövründə aktual mövzulardan idi. O vaxt sıravi insanlar arasında belə fikir formalaşdırılırdı ki, korrupsiya və rüşvətxorluqdan prezidentin xəbəri yoxdur. Heydər Əliyevin özü də vaxtaşırı hansısa bir naziri korrupsiya və rüşvətxorluq ittihamı ilə işdən çıxarmaqla belə söz-söhbətlərə bir növ stimul verirdi.



Fikrət Fərəməzoğlu ehtimal edir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayyəndə heyətinin üzvləri də Andreas Qross və başqa məruzəçilərdə dövlət başçısının ətrafı ilə bağlı belə fikirlərin yaranmasında az səy göstərməyiblər. Sadəcə, bir neçə il əvvəl belə təbliğat ölkə daxilində sadə insanlar arasında aparılırdısa, indi ünvan bir qədər dəyişdirilib.



Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, bu fikirlər Andreas Qrossun şəxsi mülahizələridir və real şəraiti özündə əks etdirmir.



“Azərbaycanda islahatlar aparılır və bu prosesdə prezidentin ətrafı da uğurla iştirak edir”.



Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Nürəddin Məmmədli isə deyir ki, dövlət başçısının islahatçı imici onun apardığı siyasətlə heç də uyğun gəlmir.



”Çünki Heydər Əliyevin siyasətini davam etdirəcəyini və onun komandası ilə işləyəcəyini bəyan edən bir şəxs islahatçı ola bilməz”.



Nürəddin Məmmədli dövlət başçısının yaxın ətrafından bir qədər fərqlənməsi fikri ilə razılaşır. Ancaq o qeyd edir ki, dövlət başçısı ətrafından islahatçı imicinə görə yox, zəif olmasına görə seçilir.



Həm Nürəddin Məmmədli, həm də Mübariz Qurbanlı deyir ki, prezidentin səlahiyyətləri çox genişdir və hansısa məmur onun aparmaq istədiyi islahatlara mane ola bilməz. Ancaq Nürəddin Məmmədli bunu söyləməklə dövlət başçısının islahatlar istəmədiyini göstərmək istəyirsə, Mübariz Qurbanlı hakimiyyətdə fikir ayrılıqlarının olmadığını sübut etməyə çalışır.



Mediada İctimai Problemlərin Həlli Mərkəzinin rəhbəri Fikrət Fərəməzoğlu isə deyir ki, dövlət başçısının səlahiyyətlərinin çox olmasına baxmayaraq, o, istədiyi bütün addımları atmaq gücündə deyil. Xüsusilə də bu, kadr islahatları ilə bağlıdır.



”İlham Əliyev ehtiyat edir ki, işdən çıxaracağı şəxs müxalifətə keçə bilər”.



Fikrət Fərəməzoğlunun sözlərinə görə, İlham Əliyevin özünün islahatlarda maraqlı olması da bir qədər mübahisəlidir. Çünki, o, hələ ki, buna heç ciddi təşəbbüs də göstərmir. Ona görə də bütün hallarda onun dövlət başçısı kimi səlahiyyətlərinin çox olması islahatlara mane olan qüvvələrin kənarlaşdırılmasına yox, böhranın daha da dərinləşməsinə xidmət edir.
XS
SM
MD
LG