Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:10

ATƏT hökuməti seçki ilə bağlı təcili addımlar atmağa çağırır


Səs: Real audio
ABŞ dövlət katibi dondurulmuş münaqişələrin həlli əvəzinə həmin bölgələrin iqtisadi inkişafını təklif edir ATƏT Azərbaycan hökumətini ictimaiyyətin seçki prosesinə inamını artırmaq üçün təcili addımlar atmağa çağırır. Təşkilatın iyunun əvvəlində Azərbaycana göndərdiyi Təlabatları Qiymətləndirmə Missiyasının hazırladığı hesabatda qeyd edilir ki, Azərbaycan Seçki Məcəlləsində düzəlişlərlə bağlı 2004-cü ildə ATƏT və Avropa Şurası Venesiya Komissiyasının verdiyi əsas tövsiyələri qəbul etməyib. Həmçinin seçki prosesinə aid digər qanunlarda demokratik seçkilərlə bağlı beynəlxalq standartlara və ölkənin öhdəliklərinə zidd olan bəndlər var.



Sənəddə bildirilir ki, ictimaiyyətin inamını artırmaq üçün bütün səviyyələrdə seçki komissiyaları yenidən təşkil olunmalıdır.



Hesabatda deyilir: “2003-cü ildə saxtakarlıqlar 694 seçki məntəqəsində seçkinin nəticələrinin ləğvi ilə nəticələnmişdi. Bunun səbəbkarı olan rəsmilər məsuliyyətə cəlb olunmalı və parlament seçkisinin keçirilməsi işinə buraxılmamalıdılar. 2003-cü ildə seçkidən sonrakı narahatlıqlara görə məhkum, sonradan isə əvf olunmuş şəxslərin seçkidə namizədlik haqları bərpa olunmalıdır. Yerli hakimiyyət nümayəndələrinin seçki dövründə siyasi yığıncaqları məhdudlaşdırmaq səlahiyyəti ləğv olunmalı, vətəndaşların sərbəst toplaşmaq hüququna hörmət qoyulmalıdır. Rəsmi dairələr ictimai inam və şəffaflığı artırmaq üçün seçkidə xüsüsi mürrəkəbdən istifadəyə aid tövsiyəni icra etməlidirlər. Qanunda fondlarının 30 faizdən çoxunu xarici dövlət mənbələrindən alan qeyri-hökumət təşkilatlarının seçkini müşahidəsini qadağan edən bənd yenidən nəzərdən keçirilməlidir”.



Hesabatda xəbərdarlıq edilir ki, əvvəlki seçkilərlə müqayisədə mühüm dəyişikliklərin olmadığı aşkarlansa və missiyaya seçki prosesinin bütün vacib elementlərini müşahidə etməyə məhdudiyyətlər yaradılsa, o zaman ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öz mövqeyini bir daha nəzərdən keçirəcək.



Büronun sözçüsü Urdur Qunnarsdottir «Azadlıq» radiosuna müsahibəsində bildirir ki, ATƏT Azərbaycanın seçki qanunvericiliyində dəyişikliklərin ediləcəyinə hələ də ümid bəsləyir: «Biz artıq neçənci dəfədir ki, dəyişikliklərə ehtiyacı olan məsələləri qaldırırıq. Biz yenə də, Seçki Məcəlləsində dəyişikliklərə çağırırıq» - deyə xanım Qunnarsdottir bildirir.



Sənəddə ATƏT-ə Azərbaycanda seçkiləri müşahidə etmək üçün səsverməyə 60 gün qalmış Seçkiləri Müşahidə Missiyasını (SMM) yaratmaq tövsiyə olunur. Xanım Qunnarsdottir bildirir ki, Azərbaycanda yaradılacaq ATƏT-in Seçkiləri Müşahidə Missiyası üçün mühit olduqca ağırdır və bu missiyanı ciddi sınaq gözləyir. Bununla belə, həmin missiya seçki prosesinin Azərbaycan qanunlarına, demokratik seçkilərlə bağlı ATƏT qarşısındakı ödəliklərə və 1990-cı il «Kopenhagen Yekun Aktı»na uyğun keçirlib - keçirilmədiyini müəyyən edəcək.



ATƏT seçkini müşahidə etmək üçün Azərbaycana 28 uzunmüddətli və 500 qısamüddətli müşahidəçi göndərməyi planlaşdırır.
XS
SM
MD
LG