Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

«Azadlıq» seçki bloku yürüş-mitinq keçirdi


Səs: Real audio
Blok demokratik seçkinin alternativinin demokratik inqilab olduğunu bildirir İyunun 18-də «Azadlıq» seçki blokuna daxil olan ADP-AXCP-Müsavat partiyaları "20 Yanvar" meydanından keçmiş «Qələbə» kinoteatrının qarşısına qədər yürüş, həmin kinoteatrın qarşısındakı meydanda isə mitinq keçirdi. Aksiyaya Liberal, Vəhdət və Ümid partiyaları da qoşulmuşdu. Narıncı rəngli paltarlar geyən minlərlə müxalifət fəalı «Azad seçki!», «İstefa!», «Siyasi məhbuslara azadlıq!», «Cənab Buş Azərbaycanda monarxiyaya «yox» deyir!», «Gənclər rejimə «yox» deyir!» və s. şüarlar qaldırmışdılar. Mitinqçilər ABŞ prezidenti Corc Buşun portretlərini və Böyük Britaniyanın bayrağını da qaldırmışdılar.



AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında “Ya azad seçki, ya da istefa” şüarı səsləndirdi. O, etiraz aksiyalarının Azərbaycanın bölgələrində də keçirilməsinin zəruriliyini söylədi.



Müsavat Partiyası başqanının müavini Arif Hacılı isə tədricən bütün demokratik qüvvələrin birləşdirilməsinə çalışdıqlarını bildirdi.



ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə bir neçə gün əvvəl hakim partiyanın elə həmin meydanda keçirdiyi mitinqdə prezident İlham Əliyevin çıxışına reaksiya verdi. S.Cəlaloğlu 1993-cü ildə Azərbaycanda yaranan qarşıdurma şəraitinə görə keçmiş prezident Heydər Əliyevi ittiham etdi: “İlham Əliyev burda dedi ki, 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Bəli, 1993-cü ildə sizin atanızın rəhbərlik etdiyi qüvvələrin bilavasitə təhriki ilə Azərbaycan vətəndaş müharibəsinə gedirdi” – deyə, cənab Cəlaloğlu bildirdi.



Bu etiraz aksiyası barədə əvvəlcədən Bakı şəhər İcra Hakimiyyətinin razılığı alındığından polis mitinqə müdaxilə etmədi. Aksiyanın təşkilatçılarının dediyinə görə, polis kardonu mitinqçiləri meydana sıxışdırdığından lokal çəkişmələr baş verib və bir nəfər xəsarət alıb.
XS
SM
MD
LG