Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:36

AŞ PA Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyə bilər


Səs: Real audio
Parlament seçkiləri azad və ədalətli seçki kimi tanınmasa Parlament seçkiləri beynəlxalq birlik tərəfindən azad və ədalətli seçki kimi tanınmasa Avropa Şurası Parlament Assambleyası 2006-cı ilin qış sessiyasında Azərbaycan parlament nümayəndə heyətinin mandatını təsdiqləməyəcək.



Bu fikir Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andreas Herkelin hazırladığı «Azərbaycanda demokratik institutların fəaliyyəti» haqda hesabatındandır.



Məruzəçilər həmin sənədi AŞ PA-nın iyun sessiyasına təqdim ediblər.



Sənəd müəlliflərinin qənaətincə, parlament seçkiləri Azərbaycan üçün həlledici sınaq olacaq. Hesabatın qətnamə layihəsində bildirilir ki, Azərbaycan Avropa Şurasına üzv olandan bəri bu ölkədə keçirilən seçkilər demokratik standartlara cavab verməyib. Saxtakarlıq və zorakılıqla müşayiət olunan prezident seçkilərindən üzü bu yana ölkədə sabitlik sərbəst toplaşma və söz azadlığı, ədalətli məhkəmə haqqı kimi fundamental insan hüquqlarının pozulması sayəsində saxlanılıb.



Hesabatda o da qeyd olunub ki, indiki siyasi mühitdə nə seçki sistemi, nə dövlət institutları, nə də məhkəmə hakimiyyəti ədalətli seçkilərin keçirilməsinə zəmanət vermək iqtildarında deyil.



«Bakı-Tbilisi-Ceyhan neft kəmərindən əldə olunacaq böyük gəlirlər bəzi rəsmilər və siyasətçiləri demokratiyadan yan keçməyə şirnikləndirə bilər».



Hesabat müəllifləri Azərbaycan hakimiyyəti və müxalifətini qarşıdan gələn seçkilərin əhəmiyyətini dərk etməyə və zorakılıqdan çəkinməyə çağırırlar.



Həmməruzəçilər Azərbaycan hökumətindən təcili şəkildə toplaşma və söz azadlığına tam əməl edilməsini təmin etməyi, mitinq zamanı müxalifət tərəfdarlarının qanunsuz həbs edilməsi təcrübəsinə son qoymağı tələb edirlər.



Eyni zamanda Seçki Məcəlləsini, xüsusən də seçki komissiyalarının tərkibini dəyişməyə, namizədlərin qeydəlama zamanı depozit məbləğini azaltmağa dəvət edirlər.



Eləcə də seçkidən əvvəl və seçki zamanı müxalifət partiyaları ilə siyasi dialoq aparmağı məsləhət görürlər.



Bundan başqa, məruzəçilər İctimai Televiziyanın yaradılmasının sürətləndirilməsini, onun fəaliyyətinə müdaxilədən çəkinməyi lazım bilirlər. Söz azadlığı məsələsində müstəqil və müxalifət mətbuatın azad fəaliyyətini təmin etməklə yanaşı, jurnalist Elmar Hüseynovun qətlinin səbəblərinə aydınlıq gətirilməsi istənilir.



Şərhçi Nailə Yaqubluya görə, son zamanlar ilk dəfədir ki, beynəlxalq qurumlar, o cümlədən, Avropa Şurası belə qəti mövqe nümayiş etdirir.



Xanım Yaqublu Andreas Herkelin çıxışlarından sonra belə bir hesabatın hazırlanacağının gözlənilən olduğunu deyir. Ancaq bununla belə xatırladır ki, bu, sadəcə, qətnamə layihəsidir: «Son söz AŞ PA-nın iyun sessiyasında deyiləcək».
XS
SM
MD
LG