Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Kəmər pul gətirəcək, amma ...


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib İstər hökumət üzvləri, istərsə də müstəqil ekspertlər hesab edirlər ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri tək Azərbaycana deyil, bütünlükdə regiona çox böyük iqtisadi fayda verəcək.



Onların sözlərinə görə, Azərbaycanın əldə edəcəyi gəlir dünya bazarında neftin qiymətindən asılı olacaq. Hər halda, indi 40 milyard dollardan 150 milyard dollara qədər bir gəlirdən bəhs edilir.



Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev deyir ki, bu kəmər dünya bazarını gündə 1 milyon barel neftlə təmin edəcək.



”Görülən işlər tək Azərbaycanın yox, həm də Gürcüstan və Türkiyənin xam neft və qazla təmin edilməsinə, enerji sektorunun gücləndirilməsinə çox böyük təkan olacaq. Tək neft sektorunda yox, həm də ondan kənarda böyük inkişaf əldə ediləcək”.



Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da yada salır ki, Bakı-Tbilisi-Ceyhanın səhmdarları hər il təqribən 12-14 faiz gəlir əldə etməlidirlər. Onun sözlərinə görə, bu kəmərlə ilk illər hasil edilən neftin miqdarı nisbətən az olsa da, 2014-cü ildə bu pik nöqtəyə çatmalıdır. Onda təqribən kəmərlə 60 milyon tona qədər neft hasil ediləcək.



“Əgər neftin bir tonunun qiyməti 18 dollara düşəcəksə, Azərbaycan bundan ən azı 40 milyard dollar əldə edəcək. Neftin qiyməti indiki qaydada davam etsə isə, bu gəlir 150 milyard dollara qədər ola bilər”.



İlham Şabanın sözlərinə görə, Qazaxıstanın Bakı–Tbilisi-Ceyhana qoşulması bu kəmərin əhəmiyyətini daha da artırır. Çünki, təqribən 10-15 il sonra Azərbaycan nefti kəməri tam doldura bilməyəcək. Onda Qazaxıstan nefti kəmərin tam gücü ilə işləməsini təmin edəcək. Üstəlik, Qazaxıstan neftinin bu kəmərlə ötürülməsi Azərbaycanda nəqliyyat sektorunun inkişafına təkan verəcək.



İqtisadi Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov isə deyir ki, Bakı-Tbilisi-Ceyhan bütünlükdə ölkə iqtisadiyyatının inkişafı üçün böyük şans yaradır. Hər şey Azərbaycan hökumətinin bu şansdan necə yararlanmasından asılıdır.



“İlk növbədə Azərbaycan hökuməti neftdən asılı olmayan, rəqabətə davamlı iqtisadiyyat yaratmalıdır. İkinci növbədə isə bu rəqabətlə ayaqlaşan kadrlar yetişdirilməlidir”.



Sabit Bağırovun sözlərinə görə, bu iki istiqamətdə hökumət üzərinə düşən vəzifələri düzgün yerinə yetirərsə, onda Bakı-Tbilisi-Ceyhanın Azərbaycan üçün faydası danılmaz olacaq.
XS
SM
MD
LG