Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:11

Prezident Mətbuat Şurasının işindən razıdır, bəzi jurnalistlər narazı


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin 3-cü qurultayına göndərdiyi təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətindən razılığının bir sıra səbəblərini sadalayır. Prezidentin fikrincə, Mətbuat Şurası media-dövlət, media-cəmiyyət münasibətlərində əsas tənzimləyici qurumdur. Mətbuat Şurası bir çox dövlət strukturları ilə konstruktiv, səmərəli əməkdaşlıq mexanizmləri qurub, jurnalistlərin hüquqlarının müdafiəsində, informasiya azadlığının təmin edilməsində prinsipial mövqe tutub.



Ölkə prezidentinin Mətbuat Şurasının fəaliyyətindən razılığına baxmayaraq, bu qurumdan narazılar da az deyil. Onlardan biri “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovdur ki, qurultayda Mətbuat Şurasının verdiyi pres-kartdan və qurultay mandatından imtina etdi.



O, “Azadlıq” radiosuna müsahibəsində qərarını belə əsaslandırdı ki, insan haqları, söz azadlığı mətbuatın əsas dəyərləri olmalıdır, ancaq Mətbuat Şurasında bu dəyərlər bazis deyil. Rauf Mirqədirovun narazılığının bir səbəbi də Mətbuat Şurasının tərkibindəndir. Belə ki, o, bu qurumda yalnız bir neçə nəfərin bu dəyərlər uğrunda ardıcıl mübarizə apardığını deyir.



Rauf Mirqədirov Mətbuat Şurasının üzərinə düşən funksiyaları yerinə yetirə bilmədiyini bildirir. Cənab Mirqədirov Mətbuat Şurası sədrinin Elmar Hüseynovun qətlini siyasiləşdirməməyə dair çağırışını yada salır. Onun fikrincə, bu qətlin adi ölümlə eyniləşdirilməsi məntiqə ziddir.



Rauf Mirqədirov ümumiyyətlə, hazırda Mətbuat Şurasının lazım olmadığını deyir və fikrini hazırda bu quruma layiqli şəxsləri seçməyin mümkün olmamasıyla izah edir.



Mətbuat Şurasının sədri Əflatun Amaşovsa rəhbəri olduğu qurumun ünvanına deyilən tənqidlərlə razı deyil. O, istər reket jurnalistlərlə mübarizədə, istərsə də, Elmar Hüseynovun qətlində Şuranın qəti mövqe ortaya qoyduğunu deyir.



Mətbuat Şurasının üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə üzvü olduğu qurumun fəaliyyətindən narazılığa təbii baxır. Çünki, onun fikrincə, Qərbdə mətbuat şurası ictimaiyyəti mətbuatın basqısından qorumaq məqsədilə yaranıbsa, Azərbaycanda bunun əksi baş verib. Yəni bu respublikada mətbuatın özünü qorumaq lazımdır.



Yadigar Məmmədli deyir ki, Mətbuat Şurasına gələn şikayətlərin çoxunu bu qurum həll etmək iqtidarında deyil, çünki, sadəcə bu onun səlahiyyəti xaricindədir, cəmiyyətin özündən gələn problemlərdir.



Yadigar Məmmədli müxalifətin 21 may mitinqində jurnalistlərin zorakılığa məruz qalmasını bəzi qüvvələrin təxribatı kimi qiymətləndirir.



“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli də Mətbuat Şurasının fəaliyyətindən narazı olan jurnalistlərdəndir. O, bu narazılığın konkret əsaslara söykəndiyini deyir. Belə ki, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bir neçə müxalifət qəzetinin metroda satışına qadağa qoyanda Mətbuat Şurası qətiyyətli mövqe tuta, Tağı Əhmədovu geri çəkilməyə məcbur edə bilməyib. Mahir Rüstəmli qəzetinin həmin qadağaya görə 35 milyon manat ziyana düşdüyünü deyir.



(Mətbuat Şurası jurnalistlər və media orqanları üçün cərimələrin son həddinin müəyyən edilməsinə çalışır. Həmin hədd KİV-lər üçün 2 milyon 500 min manat, jurnalistlər üçünsə 500 min manat nəzərdə tutulur).



Mahir Rüstəmli jurnalistlərin 3-cü qurultayında prezidentə qəbul olunmuş müraciətdən də narazı qalıb.



Mahir Rüstəmli Mətbuat Şurasının gördüyü bəzi işlərdən razıdır, ancaq onun fəaliyyətinin təkcə reketçiliklə mübarizədən ibarət olmadığını deyir. Onun fikrincə, Mətbuat Şurası ictimai televiziyanın yaradılmasında təsir rıçaqlarına malik deyil.
XS
SM
MD
LG