Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

“İnqilaba xəyanət”


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” --“Vaşinqton Post”



Ukraynada “narıncı inqilab” ilhamverici və fərəhli hadisə idi. Bu, demokratiya və azadlıq uğrunda, korrupsiyaya qarşı klassik liberal inqilab idi. Qorxu və rüşvətxorluqdan azadlıq vəd edən Viktor Yuşenko demokratik seçilmiş prezident olub.



Lakin təəssüf ki, daha bir inqilab qəhramanı olan Yuliya Timoşenko hökuməti sosialist və populist iqtisadi kurs seçib. Nəticə çox özünü gözlətməyib: əgər keçən il Ukraynada iqtisadi artım tempi 12 faiz idisə, cari ilin birinci rübündə o, 5 faizə enib, inflyasiya isə 15 faizə yüksəlib.



Hökumətin hazırkı siyasəti “narıncı inqilab” zamanı edilən bəyanatlara tam ziddir. Prezident Yuşenkonun 100 gününə həsr olunmuş baş məqaləsində ingilisdilli “Kyiv Post” qəzeti bildirir ki, “Yuşenko xaricdə xoş bəyanatlar verərkən, hökumətin qalan üzvləri onun göstərişlərinə əməl etmirlər”.



--“İndependent”



Özbəkistanda baş verənlər 1989-cu ildə Çinin Tyananmen meydanındakı gülləbaranı xatırladır.



O vaxt bütün dünya Çin hökumətini lənətlədi, ona silah satışına embarqo qoydu. Ancaq nə olsun? Səs saldılar, sonra unutdular. Çünki, Çinlə yaxşı münasibətdə olmaq sərfəliydi.



Eyni şey Özbəkistanla da olacaq. “Kərimov bugünkü Səddam Hüseyndir və ABŞ-la Böyük Britaniya onu dəstəkləyəcək. Çünki, o, faydalı tərəfdaşdır”.



--“Qardian”



Keçmiş prezident Franklin Ruzvelt Nikaraqua diktatoru Anastasio Somoza haqda deyirdi: “o, yaramaz ola bilər, amma o, bizim yaramazdır”.



Daşkənd müstəbidi İslam Kərimova münasibətdə ABŞ və Britaniyanın siyasətinin izahı üçün bu, münasib ifadədir.



Kərimovun yaramaz olduğu şəksizdir. Ancaq söhbət dostdan gedirsə, “insan haqları pozuntuları” elə bir məna kəsb etmir. Kərimov isə heç şübhəsiz, Vaşinqton və Londonun dostudur.



Bununla belə, son hadisələr olmasaydı, bu “yaramazlara istinad” nümunəsi nəzərə çarpmaya da bilərdi. Axı mənfur subyektlərlə ancaq o vaxt dostluq etmək olar ki, başqalarının diqqətini çəkməsin. Bu həftə isə dünya Kərimovu iş başında görüb.



Livan, Gürcüstan və Ukraynadakı kütləvi çıxışları amerikalılar “xalq iradəsinin” təzahürü kimi müdafiə ediblər. Ancaq Özbəkistanda cəsarətli çıxışlara onlar başqa cür reaksiya veriblər.



Amma Vaşinqton bu qərara da gələ bilər ki, Kərimov artıq xoşagəlməz fiqura çevrilib və onu daha “üzüyola”, ancaq onun kimi etibarlı birisi ilə əvəzləmək lazımdır. Başqa sözlə, “o, bizimki olsun, ancaq o qədər də yaramaz olmasın”.



Corc Buş doktrinasının əsas postulatı demoklratiya və “qabağıalınmaz azadlıq məşəlini” hər yerdə, hətta planetin lap ucqar güşələrinə yaymaqdır. Ancaq bu ritorikanı praktikada gerçəkləşdirmək olduqca çətindir.



--“Vaşinqton Tayms”



“Əndicanda keçən həftə baş verənlər demokratiyanın qlobal yayılması proqramının icrasında prezident Buşun rastlaşdığı çətinlikləri üzə çıxarıb”. Problem İslam Kərimovun avtoritarizmini Buşun doktrinasına necə uyğunlaşdırmaqdır.



--“Vaşinqton Post”



Özbəkistandakı hadisələr Buş administrasiyasını çətin dilemma qarşısında qoyub. “Vaşinqton baş verənlərə necə reaksiya verməyi o qədər də yaxşı bilmir”.
XS
SM
MD
LG