Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:10

Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklər haqda iyunda rəy verəcək


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yalnız iyunda rəy verə biləcək. Hazırda komissiyanın ekspert qrupu Azərbaycan hökumətinin məcəlləyə dəyişikliklərlə bağlı göndərdiyi sənədin üzərində işləyir.



Bu haqda məlumatı Venesiya Komissiyası seçki məsələləri üzrə şöbənin əməkdaşı Sergey Kuznetsovdan almışıq.



Ancaq cənab Kuznetsov Azərbaycan hökumətinin Seçki Məcəlləsində hansı dəyişiklikləri etmək istədiyi haqda ətraflı heç nə demədi.



«Bilirsiz, indiki halda mən həmin sənədin məğzini şərh edə bilmərəm. Çünki, hazırda onun üzərində ekspertlər işləyir. Ancaq ekspertlər işlərini bitirəndən sonra yekun rəy veriləcək. Yekun rəy isə iyunda Venesiya Komissiyasının plenar sessiyasında qəbul olunacaq».



Sergey Kuznetsov deyir ki, Azərbaycan hökumətinin sənədi əvvəldən razılaşdırıldığı kimi martın sonlarında deyil, mayda göndərməsi onları da narahat edir. Payızda parlament seçkiləri keçirildiyindən Seçki Məcəlləsinə dəyişikliklər üçün vaxtın əhəmiyyətini onlar da başa düşür. Ona görə də Venesiya Komissiyasının üzvləri onlardan asılı olan hər şeyi edirlər ki, heç olmasa, bəzi maddələrə mümkün dəyişiklikləri razılaşdıra bilsinlər. Ancaq bununla belə ümumi mənzərə ən tezi mayın sonu, iyunun əvvəllərində aydın olacaq.



2004-cü ildə Avropa Şurasının Venesiya Komissiyası ATƏT–lə birgə Seçki Məcəlləsi və seçkiyə hazırlığın təşkili ilə bağlı tövsiyələr hazırlamışdı.



Sənəddə Mərkəzi Seçki Komissiyası və seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, namizədlərin təqdimatı, seçki kampaniyasının aparılmasında bərabər şəraitin yaradılması tövsiyə olunurdu.



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə mayın 3-də bildirib ki, Azərbaycan hökuməti Seçki Məcəlləsinə texniki xarakterli dəyişikliklər etməyi planlaşdırır.



Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel isə yerli mətbuata müsahibəsində bildirib ki, seçki komissiyalarının tərkibi mütləq dəyişdirilməlidir. Bu olmadan başqa məsələlərdən danışmaq sadəcə görüntü yaratmaq məqsədi daşıyır.



Hüquqşünas Fuad Ağayev isə deyir ki, Seçki Məcəlləsinə beynəlxalq qurumların və müxalifətin istədiyi şəkildə dəyişikliklərin aparılması yalnız Venesiya Komissiyasından asılı deyil.



«Həmin komissiya məsləhətverici qurumdur. Bu məsələdə Azərbaycan cəmiyyəti, xüsusən də qeyri-hökumət təşkilatları və siyasi qüvvələr iradə nümayiş etdirməlidirlər. O zaman Seçki Məcəlləsinə hakimiyyətin dediyi kimi, texniki yox, daha önəmli dəyişikliklər etmək olar».
XS
SM
MD
LG