Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:25

“Ramsfeldin Bakı səfəri mübahisələr doğurub”


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" --“Eurasianet.org”



“Ramsfeldi neft maraqlandırır”. Aprelin 12—də “Exo” qəzeti bu sərlövhə altında çıxıb. Pentaqon rəhbərinin aprelin 12—də Azərbaycana səfəri sensasion xəbərlərə susamış yerli mətbuatın hədəfinə çevrilib. Ancaq cavab axtaran təkcə mətbuat deyil.



Ramsfeldin son 15 ayda artıq üçüncü səfəri fövqəladə məxfilik şəraitində keçdiyindən, ekspertlər bunun hansı məqsəd daşıması haqqında müxtəlif ehtimallar irəli sürürlər.



Pentaqon və ABŞ—ın Azərbaycandakı səfirliyinin veb—saytlarında Ramsfeldin Bakıya birgünlük səfəri haqda məlumat verilmir, Azərbaycan rəsmiləri isə ümumi sözlərlə kifayətlənirlər.



Müşahidəçilərin bir çoxu mümkün səbəb kimi Azərbaycanda Amerika hərbi bazaları məsələsinə işarə edirlər. Hələ keçən il belə ehtimallar səslənirdi ki, Vaşinqtonun Tehranla münasibətlərinin pisləşməsi ABŞ komandanlığını İrana mümkün zərbələr üçün Azərbaycanda bazalar axtarmağa sövq edəcək.



Müstəqil hərbi ekspert Üzeyir Cəfərov aprelin 9—da “Exo” qəzetinə müsahibəsində deyib ki, Ramsfeld Bakıya Azərbaycanda Amerika bazalarının yerləşdirilməsinə dair son cavab almaq üçün gəlir. Cəfərov hesab edir ki, cavab müsbət olacaq və o, artıq aprelin ortalarında veriləcək.



Analitiklər düşünür ki, Amerikanın Azərbaycanda hərbi mövcudluğu hər bir halda müvəqqəti və mobil olacaq. 2004—cü ildə Azərbaycan parlamenti ölkə ərazisində xarici qoşunların yerləşdirilməsini qadağan edən qanun çıxarıb. Bu addımın daha çox Moskva və Tehrana ünvanlandığı güman edilir. Onlar Azərbaycanın ABŞ—la hərbi əlaqələrinin möhkəmlənməsinə qarşı çıxır.



Elə buna görədir ki, prezident İlham Əliyev bu vaxtadək Vaşinqtonla hərbi əməkdaşlıqda tərəddüd edir, qətiyyətsizlik göstərir. Ramsfeldlə görüşü gözlənildiyi halda, Əliyev aprelin 12—də ikigünlük səfərlə Pakistana gedib.



Bu arada müxalifət Ramsfeldin səfərinin həm də “siyasi müraciət” olduğunu zənn edir.



Qarşıdakı parlament seçkisinin qızğın olacağı gözlənilir. Bəzi kütləvi informasiya vasitələrində qeyd olunur ki, Azərbaycan Amerika hərbçilərinin ölkədə yerləşdirilməsinə razılıq verərsə, rəsmi Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər.
XS
SM
MD
LG