Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:26

E. Hüseynovun anım yürüşü keçirildi


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Aprelin 9-da «Monitor»un baş redaktoru Elmar Hüseynovu anmaq məqsədilə yürüş keçirildi.



Bundan öncə isə Milli Elmlər Akademiyasının qarşısında mitinq keçirilməliydi. Amma aksiyanın yeri ilə bağlı mitinq iştirakçıları ilə Təşkilat Komitəsi arasında fikir ayrılığı yarandı.



Təşkilat Komitəsinin üzvü Azər Həsrət bildirdi ki, bu səhər Bakı şəhər İcra Hakimiyyəti ilə əldə olunan razılığa görə, aksiya Milli Elmlər Akademiyasının qarşısında açıq elan olunacaq və daha sonra zalda davam etdiriləcək.



Bundan sonra «Monitor»un sabiq əməkdaşı Eynulla Fətullayev iştirakçıları içəri dəvət etdi. Ancaq yalnız azsaylı iştirakçı içəri keçdi. Binanın qarşısındakı jurnalistlər isə şüarlar səsləndirir, çıxışlar edirdilər.



«Yeni Müsavat» qəzetinin əməkdaşı Zamin Hacı içəri keçməməsinin səbəbini belə izah etdi.



«Hakimiyyət bizi qapalı vəziyyətdə saxlamaq istəyir. Amma camaat sözünü açıq havada demək istəyir. Ona görə mən də içəri keçmədim».



«Gün» qəzetinin baş redaktoru Arif Əliyev isə bildirdi ki, əvvəlcədən razılaşma olduğu üçün içəri keçmək lazımdır.



Təşkilat Komitəsinin sədri Yadigar Məmmədli, Bakı şəhər icra hakimi Hacıbala Abutalıbov və Redaktorlar Birliyi bir neçə dəqiqə gözləsələr də, vəziyyət dəyişmədi.



Bundan sonra Təşkilat Komitəsinin üzvü Şahbaz Xuduoğlu zaldakılara müraciət edərək bildirdi ki, mürəkkəb şərait yaranıb. O, hakimiyyətin aksiyanın keçirilməsinə icazə verməsini dialoq və vətəndaş cəmiyyəti qurulması yönündə ilk cəhd kimi qiymətləndirdi. Amma o, vəziyyətin mürəkkəbliyini Bakı şəhər İcra Hakimiyyətinin bu qərarı gec verməsi ilə izah etdi.



Bundan sonra qərara alındı ki, aksiya iştirakçıları Elmar Hüseynovun qəbrini ziyarət etmək məqsədilə yürüş etsinlər. Və mitinqin qətnaməsi də elə orada oxunsun.



Təşkilat Komitəsinin üzvləri və jurnalistlər Elmlər Akademiyasından “Qurd Qapısı” qəbiristanlığına qədər birgə yürüş etdilər.



Mitinqin qətnaməsinin başlıca tələbisə Elmar Hüseynovun qatilinin tapılmasıdır. Son tələbsə jurnalistlərin azad toplaşma hüququna məhdudiyyətlərin aradan götürülməsi ilə bağlıdır.



Mitinqdən sonra söhbət etdiyimiz «Ayna-Zerkalo» qəzetlərinin redaktoru Elçin Şıxlı və müstəqil jurnalist Çingiz Sultansoy bildirdilər ki, Təşkilat Komitəsi ilə iştirakçılar arasında fikir ayrılığı xırda məsələdir. Əsas odur ki, bu gün jurnalistlər öz fikirlərini ifadə etdilər.
XS
SM
MD
LG