Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:37

Hakimiyyət - Müxalifət dialoqunda tərəflər nəyi müzakirə edə bilər?


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, əgər dialoq olarsa, onlar seçki məcəlləsinin dəyişidirilməsi və ümumilikdə şəraitin demokratikləşdirilməsi istiqamətində hakimiyyətlə müzakirələrə başlamağa hazırdılar. Əli Kərimlinin sözlərinə görə, indi ən vacib məsələ Azərbaycanda demokratik seçkilərin keçirilməsidir.



Əli Kərimli deyir ki, əgər qarşı tərəf dialoq çağrışlarında səmimidirsə bu təyin edilən aksiyalara münasibətdə özünü göstərməlidir. Yenə də kütləvi aksiyalara icazə verilməyəcəksə, Seçki Məcəlləsinin dəyişdirilməsi üçün ciddi addımlar atılmayacaqsa deməli dialoq haqda çağrışlar boş söz-söhbətdən başqa bir şey deyil.



Prezident Aparatı İctimai-Siyasi şöbənin müdir müavini Nazim İsayev isə deyir ki, müxalifət əvvəlcə öz arasında dialoqda iştirak edəcək partiyaları müəyyən etməlidir. Müsavat partiyası başqanının prezident seçkilərində ikinci yeri tutması, Azərbaycan Xalq Cəbhəsi Partiyasının parlament seçkilərində YAP-dan sonra ən çox yer qazanması hələ məhz onlarla dialoqa getmək anlamına gəlmir:

-Dialoq ciddi qüvvələrlə aparılmalıdır. Biz ciddi qüvvə deyəndə onu nəzərdə tuturuq ki, sonradan razılaşmanı pozmasın…

Nazim İsayevin sözlərinə görə, vacib məqamlardan biri də dialoqun mövzusunun seçilməsidir. Müxalifət kimi hakimiyyətin də bu istiqamətdə təklifləri ola bilər:

-Məsələn Qarabağ münaqişəsiylə bağlı vahid mövqenin müəyyən edilməsi, siyasi proseslərdə qanunlara əməl edilməsi və sairə…

Bununla belə Nazim İsayev deyir ki, seçkilərin demokratik keçirilməsində hamıdan çox hakimiyyət maraqlıdır. Dialoqda seçki məsələsinə toxunulmasını da bəribaşdan istisina etmək olmaz…



«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, ölkə parlamentində bir gün əvvəl dialoq haqqında səslənən fikirlər son bir neçə ildə hakimiyyət rəsmilərinin eyni mövzudakı çağrışlarından xeyli fərqlənir. Azər Rəşidoğlunun sözlərinə görə, bu fikirlərə bütöv hakimiyyətin yox, hakimiyyət daxilində olan qruplardan birinin çağrışı kimi baxmaq lazımdır. «Ayna» qəzetinin şərhçisi yada salır ki, dəfələrlə həm beynəxlaq təşkilatlar, həm də xarici ölkələrin Azərbaycandakı səfirləri dialoqun vacibliyindən bəhs ediblər. Onlar eyni zamanda seçkilərin demokratik və qarşılıqlı etimad şəraitində keçirilməsi üçün hakimiyyəti konkret addımlar atmağa çağırırlar. İndi qarşıdan Avropa Şurası Parlament Assambleyasının sessiyası gəlir. Azərbaycan parlamentində həmin çağrışların müəllifləri başa düşür ki, bu sessiya ərəfəsində kütləvi aksiyalara icazə verməmək, müxalifəti yenidən əzmək yaxşı nəticələr verməyə bilər. Odur ki, beynəlxalq aləmə nümayiş etdirmək istəyirlər ki, onlar dialoqun tərəfdarlarıdır. Bununla da gələcəkdə baş verə biləcək qarşudurmanın məsuliyyətini həm raidikal müxalifətin, həm də hakimiyyətdə dialoq üçün real addımlar atmayan digər qüvvələrin üzərinə atmağa çalışırlar.



Bu baxımdan Azər Rəşidoğlu yaxın vaxtlarda hakimiyyətdəki bəzi qüvvələrlə müxalifətdəki bəzi qüvvələrin əməkdaşlığını istisina etmir. Onun sözlərinə görə, hətta bu prosesdə bəzü müxalifətçilər hökmətdə yüksək postlar da əldə edə bilərlər…
XS
SM
MD
LG