Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:06

“Qırğızıstan Ukrayna yolu ilə gedəcəkmi?”


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” --“Krisçen Sayns Monitor”



Ukraynada “narıncı inqilab”ın əks sədası artıq Orta Asiya respublikası olan Qırğızıstana da çatıb.



Qırğızıstanda bu gün baş verənlər 2003-cü ilin Gürcüstan və keçən ilin Ukrayna inqilablarına bənzəsə də, analitiklər hesab edirlər ki, Qırğızıstanda sərt küçə çıxışlarının tamamilə başqa nəticələri ola və demokratik dəyişikliklərə gətirib çıxarmaya bilər.



Moskvalı ekspert İrina Eviqelskaya deyir ki, “Qırğızıstan müxalifəti açıq—aydın Ukraynada “narıncı inqilab”ı təkrarlamağa çalışır. Amma eyni metodlar tamamilə başqa nəticələrə gətirib çıxara bilər... İslam fundamentalistləri fəallaşa, ya da etnik münaqişə baş verə bilər”.



Kütləvi iğtişaşların mərkəzi olan Fərqanə vadisi etnik baxımdan ən təhlükəli və kasıb rayonlardan biridir. 1990-cı ildə burada qırğızlarla özbəklər arasında lokal toqquşmalar baş verib.



Həm Rusiya, həm də ABŞ-ın Qırğızıstanda iri hərbi bazaları var. Analitiklərin fikrincə, Ukraynadan fərqli olaraq, nə Moskva, nə də Vaşinqton Qırğızıstanın işlərinə qarışmır və hər iki tərəf qarşıdurmanın artmasından narahatlıq keçirir.



--“Uolt Strit Cournal”



Qırğızıstanda hadisələr bir qədər başqa cür inkişaf edir və buna barmaqarası baxmaq olmaz: Gürcüstan və Ukraynada mitinqlər dinc xarakterliydi, Qırğızıstandasa vəziyyət gərginləşib.



ABŞ Dövlət Departamenti Qırğızıstandakı vəziyyətlə bağlı bəyanatında ATƏT-in “dərhal danışıqlara başlamaq” çağırışını müdafiə edib.



Bu da anlaşılandır. Prezident Akayev terrorçuluqla mübarizədə Birləşmiş Ştatların sadiq müttəfiqi olub və müttəfiq kimi də qalır.



--“Faynenşl Tayms”



“Qırğızıstan Gürcüstan və Ukraynanın ardınca seçki saxtakarlığının doğurduğu etirazların silkələdiyi üçüncü keçmiş Sovet respublikasıdır”.



Lakin analitiklər düşünür ki, müxalifətin Tbilisi və Kiyevdə olduğu kimi prezidenti devirəcəyini demək hələlik tezdir. Gürcüstan və Ukraynadan fərqli olaraq Qırğızıstanda aksiyalar artıq zorakılığa keçib ki, bu da qan tökülməsi riskini artırır.



O biri tərəfdən, Qırğızıstan müxalifətinin birləşdirici fiquru yoxdur. Onun Gürcüstanda qızıl gül və Ukraynada narıncı rəngə bənzər rəmzi də yoxdur, hərçənd ki, rəmz kimi artıq sarı lalə təklif olunub.



“Moskva hələlik baş verənlərdən kənarda dursa da, Putin Akayevi sadiq müttəfiq kimi görür. Görünür, Moskva Akayevin onun köməyi olmadan da etirazlarla bacaracağına əmindir”.



--“Liberasyon”



Qırğızıstan müxalifətinin strategiyası ölkənin cənubunda inqilaba başlamaqla onu sonradan şimala—Bişkekədək yaymaqdan ibarətdir.



Ancaq qırğızıstanlı politoloq Nurzat Namadbekov deyir ki, “cənubdan Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq. Çünki, dağ keçidləri uçğunlar bəhanəsilə bağlanıb. Bundan başqa, müxalifət hələ də olduqca pərakəndədir və onun heç bir ümumi proqramı yoxdur”.
XS
SM
MD
LG