Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:35

ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı kimin xeyrinədir: Azərbaycanın, yoxsa Ermənistanın?


Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mətin Mirzə deyir ki, bu məsələdə qələbə Azərbaycanındır. Onun sözlərinə görə, faktaraşdırıcı missiyanın hesabatı ümumilikdə Azərbaycanın maraqlarına uyğundur, komissiya Dağlıq Qarabağda qanunsuz məskunlaşma faktını təsdiqləyib və hazırlanan hesabat münaqişə zonalarında süni məskunlaşmalara qarşı olan Birləşmiş Millətlər Təşkilatının mövqeyilə uzlaşan bir sənəddir. Onun bildirdiyinə görə, Azərbaycan bu hesabatdan təbliğat məqsədləri üçün istifadə edəcək. Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da deyir ki, Azərbaycan faktaraşdırıcı missiyanın hesabatına istinad edib beynəlxalq səviyyədə Ermənistana qarşı təzyiqlərin güclənməsinə nail ola bilər. Çünki, onun sözlərinə görə, əgər indiyəcən dünya ictimaiyyəti Ermənsitanın işğalçı dövlət olmasına, işğal olunan ərazilərdə qanunsuz məskunlaşma aparılmasına sadəcə, Azərbaycanın səsləndirdiyi bəyanatlar kimi münasibət bəsləyirdisə, bundan sonra beynəlxalq təşkilatların təsdiqlədiyi faktlar kimi yanaşacaq.

Politoloq Zərdüşt Əlizadə isə xatırladır ki, bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyası Devid Atkinsonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəsi əsasında qərar qəbul edəndə də həm Azərbaycan, həm də Ermənistan həmin qərarın onların xeyrinə olduğunu bildirmişdilər. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatından sonra da eyni vəziyyətin yaranmasını prolitoloq belə izah edir ki, hər iki halda Ermənistan rəhbərliyi öz məğlubiyyətini ört-basdır etməyə çalışır, yəni ölkədaxili ictimai rəyə hesablanmış bəyanatlar verir. Zərdüşt Əlizadə bildirir ki, son vaxtlar Dağlıq Qarabağ məsələsində Azərbaycanla Qərbin maraqlarının üst-üstə düşdüyü müşahidə olunur. Onun sözlərinə görə, münaqişənin həllində qanunun aliliyi prinsipini dəstəkləyən Azərbaycan ABŞ-ın və Avropa ölkələrinin dəstəyini qazanır. Ermənistan isə etnik münaqişələri qızışdıran və regionda mövqeləri zəifləyən Rusiyaya arxalanmaqla uduzur.

«Gün-səhər» qəzetinin beynəlxalq məsələlər üzrə şərhçisi Elxan Şahinoğlu isə hesab etmir ki, Azərbaycan ATƏT-in faktaraşdırıcı missiyasının hesabatından faydalana biləcək. Onun fikrincə, qanunsuz məskunlaşma ilə bağlı məsələni qaldıran Azərbaycan olsa da, bundan daha çox erməni tərəfi fayda götürəcək. Şərhçinin bildirdiyinə görə, hesabatda qanunsuz məskunlaşmanın Ermənistan tərəfindən aparılmadığının, məskunlaşanların bir hissəsinin Bakı və Sumqayıtdan qovulan ermənilər olduğunun yazılması Azərbaycanın xeyrinə deyil. Elxan Şahinoğlu onu da deyir ki, ATƏT indiyəcən Qarabağ probleminin həlli yönündə heç bir irəliləyişə nail olma bilməyib və hesabatda da Qarabağda qanunsuz məskunlaşdırılmış ailələrin oradan çıxarılması yolları haqqında heç nə yazılmayıb. Onun fikrincə, bunun əsas səbəbi bir təşkilat olaraq ATƏT-in sanksiya mexanizminin, yəni qəbul edələn qərarların icrası üçün təsir vasitələrinin olmamasıdır. Politoloq Rasim Musabəyov da hesab edir ki, faktaraşdırıcı missiyanın hesabatını indidən böyük bir uğur kimi bayram etməyə dəyməz, amma onun fikrincə, hesabatın lazımsız kağız parçası olduğunu demək də ədalətsizlikdir. Politoloq ehtimal edir ki, bu məsələdə kimin qazandığını hesabatdan sonrakı dövrdə aparılan siyasət göstərəcək.
XS
SM
MD
LG