Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:31

Ermənistandan Birləşmiş Ştatlara silah qaçaqmalçılığında şübhəli sayılan dəstə həbs olundu


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir Birləşmiş Ştatlarda aparılan sürəkli istintaqdan sonra silah qaçaqmalçılığına görə 17 nəfər məsuliyyətə cəlb olunub. Rusiya silahlarını, o cümlədən yüngül raketləri Amerikaya gətirib satmaq cəhdində günahlandırılanlar arasında Ermənistan və Gürcüstan vətəndaşları da var.

Prokurorluq iddia edir ki, müttəhimlər Şərqi Avropadan müxtəlif silahları, o cümlədən tank əleyhinə raketləri Birləşmiş Ştatlara gətirməyi planlaşdırıblar. Silahların bir çoxunun Ermənistandan gətirilməsinin planlaşdırıldığı iddia olunur. Bu xəbəri radiomuzun müxbiri Nikola Krastev verir. Birləşmiş Ştatların Nyu-Yorkun cənub dairəsi üzrə prokuroru Devid Kelli şübhəlilərin bir ildən çox izləndiyini deyir.

“Bütün bu planların bir hissəsi kimi 5 nəfər Bİrləşmiş Ştatlara müxtəlif döyüş silahlarını, o cümlədən RPG adlanan qranatatanları, Çiyindən atılan yer-hava tipli raketləri birləşmiş Ştatlara idxal eləmək cəhdində günahlandırılıblar. Onlar Ermənistandan, Gürcüstandan və başqa Şərqi Avropa ölkələrindəndir. “



Dəstə başçısı olmasından şübhələnilənlərdən biri Artur Solomyan Nyu-York və Los-Anceles şəhərlərində yaşayan Ermənistan vətəndaşıdır. Kristian Devet Spiis adlı başqa birisi Cənubi Afrikadandır. Amerika televiziyasında əli qandallı şəkildə göstərilən müttəhim Vato Maçitidze isə gürcüdür.

Beş nəfərə qarşı partladıcı qurğuların nəqli ittihamı irəli sürülüb. Qalan 13 nəfər silah qaçaqmalçılığında günahlandırılır. Onlardan biri hələ axtarışdadır.

Federal Təhqiqat Bürosunun bildirdiyinə görə, özünü silah alıcısı kimi qələmə verən və əl-Qaidayla əlaqəli olduğunu bildirən bir agentinə həmin dəstə üzvləri silah anbarının fotoşəklini göstəriblər. Rusiya silahlarından ibarət bu anbarın Ermənistanda olduğu iddia edilir. İttihamnamədə deyilir ki, müttəhimlər həmin silahın terror əməlində istifadə oluna biləcəyindən xəbərdar idilər. Bu silahlardan bəziləriylə mülki təyyarələri vurmaq mümkündür.

FTB-nun agenti Əndi Arena:

“Müttəhimlərə qarşı cinayət işi ittihamı bir növ Holllivudsayağı yazılıb. Amma bir vacib fərq var. Hollivudun gerçəklikdən uzaq uydurma ssenarilərindən fərqli olaraq bu gün aşkarlanan plan tamamilə gerçəkdir.”

Amerika hakimiyyəti bu planın aşkarlanmasına Gürcüstan və Ermənistanın hüquq-mühafizə orqanlarının yardım göstərdiyini bildirir.

Satış üçün təklif olunan silahlardan biri Bİrləşmiş Ştatların Abrams markalı tanklarını vurmaq gücündədir. İqla tipli çiyindən atılan raketlər isə mülki təyyarələri vura bilər. Federal Təhqiqat Bürosu müttəhimlərin onların agentlərinə bir neçə pulemyot satdığını deyir. Həmin silahlar Nyu-York, Los-Anceles və Mayamidəki anbarlara çatdırılıb.

İttihamlar təsdiqlənsə dəstə başçılığında günahlandırılanlardan hər biri 30 iləcən həbs cəzası ala bilər.
XS
SM
MD
LG