Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

E. Hüseynovun yas mərasimi keçirilib, istintaq isə davam edir


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətlinin 7—ci günündə jurnalist təşkilatları matəm mitinqi keçirmək istəsələr də, Bakı Şəhər İcra Hakimiyyəti buna icazə vermədi.



Yas mərasimi Elmar Hüseynovun yaşadığı binanın həyətindəydi. Bura onun dostları və yaxınları toplaşmışdı. Elmar Hüseynovun atası Sabir Hüseynov istintaqın gedişiylə bağlı deyir ki, inidiki mərhələdə nəsə deməyə çətinlik çəkir. Çünki hər hansı yenilik yoxdur.



Qəbr üstünə getmək üçün Şəhər İcra Hakimiyyəti 10-dan artıq avtobus ayırmışdı. Avtobusların üstünə Elmarın şəkillərini vurmaq istəyəndə avtobusları gətirdiyini deyən şəxs buna mane olmaq istədi. Ancaq mərasimdə iştirak edənlər ona etirazlarını bildirdilər və şəkilləri avtobusların şüşələrinə vurdular.



Avtomaşın karvanı əvvəlcədən nəzərdə tutulduğu kimi şəhərin mərkəzi küçələriylə deyil, kənar hissələriylə getdi. Yol boyu Dövlət Yol Polisinin əməkdaşları maşın karvanına nəzarət edirdilər.



Qəbr üstündə isə dualar oxundu. Sonda Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli jurnalist təşkilatlarının bəyanatını oxudu.



Bəyanatda Elmar Hüseynovun qatillərinin tapılması tələb olunur, jurnalistlərin etiraz aksiyaları keçirəcəkləri bildirilir.



Qətlin istitaqı isə davam edir. İstintaqın KİV-lə əlaqələndiricisi Eldar Məcidovun sözlərinə görə, ərazidə yaşayan adamların dindirilməsi davam edir.



“AzərTac” informasiya agentliyinin məlumatına görə, Azərbaycan hökumətinin xahişi ilə ABŞ-ın Ankaradakı hüquqi attaşesi də Bakıya gəlib. İstintaqı aparan hüquq-mühafizə orqanları ilə görüşüb.



Elmar Hüseynovun həyat yoldaşı Rövşanə Hüseynova isə bildirdi ki, istintaqa lazım olduğu üçün bu gün o, Elmarın mobil telefonunu onlara verəcək.



«Monitor»un əməkdaşı Eynulla Fətullayevin verdiyi məlumata görə, həftəsonu «Monitor» Elmara həsr olunan xüsusi buraxılış hazırlayacaq. Bundan sonra jurnalın nəşri dayanacaq. Əməkdaşlar isə yeni jurnal nəşr etməyi planlaşdırırlar.
XS
SM
MD
LG