Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Elmar Hüseynov torpağa tapşırıldı


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Elmar Hüseynovun Azərbaycanın dövlət bayrağına bürünmüş tabutu saat 12-dən başlayaraq Milli Elmlər Akademiyasının böyük zalında ziyarət olunmağa başladı.



Azərbaycan və xarici kütləvi informasiya vasitələri, ictimai-siyasi, hüquq-müdafiə təşkilatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, hökuməti təmsil edən şəxslər ziyarət edənlər arasındaydı.



Zalda oturan jurnalistlər əllərində «Siyasi terrora son qoyulsun», «Elmar Hüseynovun qatilləri tapılsın» yazılmış şüarlar qaldırmışdılar.



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı onlardan plakatları endirməyi istədi, ancaq onun istəyi yerinə yetirilmədi.



Elmlər Akademiyasının qarşısında isə on minlərlə adam vardı. Onlar Elmar Hüseynovun qətlə yetirilməsini söz azadlığına qəsd adlandırırdılar.



Polis təhlükəsizlik tədbirlərini gücləndirmişdi.



Saat 3-də ziyarət sona çatdı və çıxışlar başlandı. Mətbuat Şurasının sədri Əflatun Amaşov Elmar Hüseynovun qətlini azad mətbuata sui-qəsd kimi qiymətləndirdi.



«Monitor» jurnalının əməkdaşı Eynulla Fətullayevin çıxışı ilə zalda oturanlar «Azad söz» şüarını səsləndirdilər.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş diplomatik korpus adından çıxış etdi.



Səfir dedi ki, «Elmarın qətli demokratik hökumətin və cəmiyyətin mətbuat azadlığı, demokratiya, qanunun aliliyi uğrunda çalışan adamların müdafiəsi ilə bağlı məsuliyyətini bizə xatırlatdı».



Mətbuat Şurasının sədri Əflatun Amaşov siyasi partiyalar adından Əli Kərimli, hökumət təmsilçisi kimi Əli Həsənova söz veriləcəyini deyəndə zaldakılar hökumət əleyhinə şüarlar səsləndirdilər.



AXCP sədri Əli Kərimliyə söz verildi. O, çıxışa başlayanda, Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və YAP icra katibi Əli Əhmədov zaldan çıxdılar. Əli Kərimli Elmarın ölümünün həqiqətin ağzını yummaq cəhdi kimi qiymətləndirdi.



Elmlər Akademiyasının qarşısında çoxlu sayda boş avtobuslar vardı. Şəhər İcra Hakimiyyəti təşkilatçılara avtobuslarla getməyi təklif etmişdi. Mərasimdə iştirak edənlər isə bundan imtina etdilər, qəbirstanlığa qədər piyada getdilər. Polis onlara mane olmadı.



Elmar Hüseynov Qurd qapısı qəbirstanlığında torpağa tapşırıldı. Jurnalist təşkilatlarının nümayəndələri Elmar Hüseynovun ölümünün 7-ci günündə mitinq keçirəcəklərini bildirdilər.
XS
SM
MD
LG