Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:45

Geosiyasətin mürəkkəb sürprizləri...


ABŞ-da prezidentə yaxın dairələr ona Cənubi Qafqazda Rusiyanın «legitim maraqları»nı tanımağı məsləhət görürlər
ABŞ-da prezidentə yaxın dairələr ona Cənubi Qafqazda Rusiyanın «legitim maraqları»nı tanımağı məsləhət görürlər
Bu yaxınlarda fəaliyyətə başlayan yeni ABŞ hökumətinin xarici siyasəti ən çox maraq kəsb edən məsələlərdən biridir. ABŞ-Rusiya münasibətləri necə qurulacaq? Cənubi Qafqazda hansı siyasət yürüdüləcək? Bu suallar təkcə ekspertləri deyil, hamını düşündürür.

Bəzi mənbələrin məlumatına görə, ABŞ prezidenti Barak Obamanın ilk böyük səfərinə – Rusiyaya gəlişinə hazırlıq görülür. Üstəlik, ABŞ-da prezidentə yaxın dairələr ona Rusiya ilə münasibətləri yaxşılaşdırmağı, Ukrayna ilə Gürcüstanın NATO-ya üzv qəbul edilməsində israr etməməyi, Cənubi Qafqazda Rusiyanın «legitim maraqları»nı tanımağı məsləhət görürlər.

Bizim üçün ən çox maraq kəsb edən Cənubi Qafqazda yürüdüləcək siyasət, Türkiyənin ABŞ-ın siyasətində hansı yeri tutmasıdır. Son vaxtlar Türkiyə ilə Rusiya arasında bir yaxınlaşma tendensiyası hiss olunur. Bunun obyektiv səbəbləri də var. Türkiyə neçə illərdir Avropa İttifaqına inteqrasiya etməyi özünün əsas məqsədi elan edib. Amma Avropa hələ də Türkiyəni kandarda saxlamağa çalışır, onu sıralarına qəbul etməyə tələsmir. Üstəlik, ABŞ Konqresində 1915-ci il hadisələri ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Düzdür, Rusiya Duması da belə bir qanun qəbul edib. Hətta ABŞ-da əgər belə qanun qəbul olunarsa bel,ə bu, daha çox tövsiyə xarakteri daşıyacaq.

Cənubi Qafqaza gəldikdə isə narahatlıq yaradan məqamlardan biri Rusiyanın bölgədə «legitim maraqları»nın tanınmasıdır. Əvvəla, maraqlar heç vaxt legitim olmayıb. Beynəlxalq hüquqda belə bir qanun yoxdur ki, hansısa dövlətə digər dövlətin maraq sferası kimi baxılsın. Əgər Rusiya belə bir mandata malik olarsa, bu, Cənubi Qafqazdakı ölkələrin müstəqilliyinin müəyyən mənada məhdudlaşdırılması demək olacaq.

Gürcüstan istisna olunmaqla Cənubi Qafqazda Qərbyönümlü siyasət yürüdən ölkə yoxdur. Ermənistan birmənalı şəkildə Rusiyaya bağlıdır, Azərbaycan isə hələ tərəddüdlər yaşayır. Azərbaycanın daxili siyasəti elə istiqamətdə inkişaf edir ki, o, Qərb üçün maraqsız bir ölkəyə çevrilir. Hazırda Azərbaycanı Qərblə bağlayan iki element var. Bunlar da onun Avropa Şurasının və ATƏT-in üzvü olmasıdır. Üstəlik, ölkədə elə bir siyasi atmosfer formalaşıb ki, adam istər–istəməz onu Avropanın bir hissəsi kimi qəbul etməyə çətinlik çəkir. Demokratiya və insan haqları gündən–günə məhdudlaşdırılır. Söz azadlığının vəziyyətinə görə, ölkə müvafiq siyahılarda axırıncı yerlərdən birini tutur.

Əvvəllər ABŞ-Azərbaycan münasiblərində bir iyerarxiya formalaşmışdı. Birinci yerdə təhlükəsizlik və enerji maraqları, daha sonra isə insan haqları və demokratiya gəlirdi. Bu sırada hər hansı bir dəyişiklik olacaqmı? Hər halda sırf təhlükəsizlik baxımından Azərbaycan ABŞ üçün müəyyən maraq kəsb edə bilər, xüsusən də Qırğızıstandan hərbi baza çıxarılandan sonra.

Bu, artıq Qəbələ RLS-ə bənzəyən detal deyil. O vaxt bunu Rusiya prezidenti Vladimir Putin təklif etmişdi. Amma ABŞ Çexiya və Polşada raket hücumundan müdafiə qurğuları yerləşdirmək planından əl çəkmədi və nəticədə Qəbələ RLS-i siyasi müzakirələrin gündəliyindən çıxarıldı. İndi isə başqa zərurət yaranıb. Əfqanıstan məsələsi ABŞ üçün müstəsna əhəmiyyət kəsb edir. Qırğızıstandan hərbi baza çıxarılandan sonra yeni dislokasiya yeri tapmaq zərurəti yaranıb. Bir çoxları bu məsələdə Azərbaycanın adını namizəd ölkə kimi hallandırırlar. Amma hələlik bu məsələdə bir dəqiqlik yoxdur. Prinsipcə, Azərbaycanda ABŞ-ın hərbi bazasının yerləşdirilməsi yaxşı hal ola bilərdi. Amma daha yaxşı variant NATO-ya üzv olmağa çalışmaqdır, çünki çoxtərəfli münasibətlər ikitərəfli münasibətlərdən daha faydalıdır. NATO-ya üzv olmağa can atmaq daha etibarlı təhlükəsizlik çətiri deməkdir. Amma NATO demokratik dövlətlərin təhlükəsizlik klubudur.

Bu detal Azərbaycan hakimiyyətinin NATO-ya üzv olmağa can atmamasının əsas səbəblərindən biridir. Düzdür, burada digər amilləri də unutmaq olmaz. Ukrayna ilə Gürcüstanın NATO-ya üzv olmağa çalışmasının nə qədər məşəqqətli olduğu göz qabağındadır. Sözsüz ki, Rusiya amilini də unutmaq olmaz.

Beləliklə, yeni «geosiyasi arxitektura», nüfuz sferaları və maraq dairələri hələ dəqiq müəyyənləşməyib. ABŞ prezidenti hələ məsləhət və təklif almaqla, onları nəzərdən keçirməklə məşğuldur. Ona görə də yeni siyasətin konturları qaranlıq olaraq qalır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG