Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

AŞ PA nümayəndəsi: «18 mart referendumu legitimdir»


AŞ PA-nın Azərbaycana göndərdiyi nümayəndə heyətinin rəhbəri Pol Villi deyir ki, 18 mart referendumu legitimdir
AŞ PA-nın Azərbaycana göndərdiyi nümayəndə heyətinin rəhbəri Pol Villi deyir ki, 18 mart referendumu legitimdir
Konstitusiyaya dəyişiklik edilməsi üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycana göndərdiyi nümayəndə heyətinin rəhbəri Pol Villi deyir ki, 18 mart referendumu legitimdir:

- Referendumun mürəkkəbliyinə baxmayaraq səsvermə prosesi yaxşı təşkil edilib, şəffaf olub, dinc mühitdə keçirilib.

Nümayəndə heyətinin yaydığı açıqlamada deyilir ki, onlar bəzi dəyişikliklərin Konstitusiyanın təkmilləşməsinə səbəb olacağı barədə Venesiya Komissiyasının fikrinə qatılır və Azərbaycan hakimiyyətini onları tam şəkildə yerinə yetirməyə dəvət edir. Heyət bildirir ki, Konstitusiyaya uyğun olaraq referendum keçirilməsi legitimdir, bununla belə, mediada daha geniş müzakirələrin keçirilməsi referendum məqsədlərinə daha yaxşı xidmət etmiş ola bilərdi.

Almaniyadan deputat Hakkı Kəskin isə bildirib ki, missiyadakı dörd deputatın hər biri Azərbaycanda gördükləri ilə bağlı yalnız üzv olduqları komissiyalara məlumat verəcəklər. Kəskin onu da deyib ki, referendumun daha çox bir nəfərin iki dəfədən artıq prezident seçilə bilməsinə məhdudiyyətin götürülməsi üçün keçirildiyi qənaətindədir. Onun sözlərinə görə, bu praktikanın Avropa Şurasına üzv olan başqa dövlətlərdə təkrarlanması müzakirə mövzusu deyil:

- Avropa Şurasına üzv ölkələrin heç birində prezidentlik müddətinin iki dəfədən artıq olması yoxdur. Ancaq «xalqın müstəqil iradəsi ilə belə bir qərarın qəbul edilməsi mümkün deyil» - deyə bir qanun da yoxdur. Mən bu məsələnin yaxşı, yoxsa pis olması ilə bağlı fikir söyləmək istəmirəm.

Berit Lindeman
Bu arada Norveç Helsinki Komissiyasının nümayəndəsi Berit Lindeman Azərbaycandakı seçkiləri tənqid edib. Onun təmsil etdiyi qurum 1999-cu ildən Azərbaycanda keçirilən seçkiləri müşahidə edib və hər seçki prosesində qanun pozuntuları ilə bağlı sərt tənqidlərilə yadda qalıb. 18 mart referendumunda isə Azərbaycan hökuməti qurumun müşahidə missiyasını yerinə yetirməsinə imkan yaratmayıb.

Berit Lindeman: «Azərbaycanda demokratik seçki keçirilməsi üçün şərait yoxdur».

Siyasi şərhçi Rauf Mirqədirov isə AŞ PA nümayəndə heyətinin ciddi qanun pozuntuları və aşağı seçici fəallığı ilə keçən referenduma yüksək qiymət verməsinin səbəblərini missiyanın tərkibində aramağı məsləhət görür:

- Missiyanın tərkibində Azərbaycanda gedən proseslərə biganə, ya da loyal mövqe tutan dövlətlərin nümayəndələri təmsil olunur. Nəzərə almaq gərəkdir ki, missiyada yalnız altı nəfər vardı, onlardan da yalnız dördü Azərbaycana gələ bilib. Yəni onların nəzarət imkanları son dərəcə məhdud idi. Mən özüm bir neçə məntəqədə oldum. Beynəlxalq müşahidəçilər gələndə öncədən məntəqələrə xəbər verilir və orda qayda-qanun yaradılırdı. Əslində onlar Azərbaycana referendumda baş verənlərlə bağlı doğrunu üzə çıxarmaq üçün deyil, təmsilçilik funksiyasını yerinə yetirmək üçün gəlmişdilər.

R.Mirqədirovun sözlərinə görə, AŞ PA-nın indiki nümayəndə heyətindəki deputatlarla Azərbaycanın qurumdakı parlament nümayəndə heyəti üzvləri arasında isti münasibətlərin olması haqda mediada xeyli informasiya var. Odur ki, onların çoxunun YAP-dan olan dostlarının mövqeyini bölüşəcəyi öncədən bəlli idi. Hakkı Kəskin isə onların mövqeyini şübhə altına almaq üçün heç bir əsas olmadığını deyir.
XS
SM
MD
LG