Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Azərbaycanda siyasət elə hakimiyyətlə ənənəvi müxalifətinmi inhisarıdır?<br>3-cü qüvvəyə ehtiyac varmı və bu qüvvə parlament seçkilərində ortaya çıxa bilərmi?


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” “Müxtəlif orqanlar tərəfindən yersiz yoxlamalar baş verir. Sahibkarların fəaliyyətinə müdaxilələr davam edir. Bu məni çox narahat edir”.



Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başlanmasının bir illiyi ilə bağlı keçirilən tədbirdə belə deyib.



“İcra strukturları sahibkarların işinə kömək etməlidirlər. Çünki ölkə rəhbərliyi bu istiqamətdə iş aparır. Yerlərdə buna mane olmaq düzgün deyil”.



Prezident bu fikirlərinə onu da əlavə edib ki, problemlərin olmasına baxmayaraq, sosial-iqtisadi inkişafla bağlı müsbət göstəricilər də var. Proqramın icrasına başlanandan bu yana iqtisadi göstəricilərdə artım baş verib.



Prezident bildirib ki, proqramda məqsəd Bakı və rayonlar arasında inkişafda bərabərsizliyin aradan qaldırılması, infrastrukturun inkişafı, yeni iş yerlərinin yaradılması olub. O, hesab edir ki, bu məqsədlərə müəyyən qədər nail olunub. Bir il ərzində 170-min iş yeri açılıb, bunlardan 90 mini daimi iş yerləridir.



Ölkə başçısının sözlərinə görə, hökumət 2005-ci ildə sahibkarlara verilən kreditləri iki dəfə artıracaq.



Tədbirdə yerli istehsal olan məhsulların sərgisi keçirilib.



İqtisadi inkişaf naziri Fərhad Əliyev və ayrı-ayrı sahibkarlar da bu proqramın üstünlüyündən danışıblar. Amma biznes mühitində maneələrdən gileylənənlər də az deyil.



MDB ölkələrindən texniki avadanlıqlar gətirib rayonlarda və paytaxtda onların satışı ilə məşğul olan sahibkar Tərxan Məsimov deyir ki, problemləri ölkənin sərhəd qapılarında başlayır. Vergi orqanları və gömrükçülərlə. Tərxan Məsimov bildirir ki, son bir il də daxil olmaqla özəl sektorun inkişafında müsbət dəyişikliklər hiss etməyib.



“Kreditlər almaq çətinləşib, verigilər və gömrük haqqı hədsiz yüksəlib. Bir yerə şikayət etməyə də qorxursan ki, başqa bir yerdə səni ilişdirərlər”.



Həmsöhbətimiz deyir ki, bölgələrdə problem sənin paytaxtda oturan himayədarın ciddi fiqur olanda yaranmır.



Sahibkarlar Konfederasiyasının sədri Ələkbər Məmmədovsa deyir ki, regionların sosial-iqtisadi inkişafı haqda dövlət proqramının icrasına başlanandan xeyli işlər görülüb.



Regionlarda sahibkarlıq mühiti yaratmaq üçün qanunvericilik bazası formalaşdırılıb, sahibkarların biznes səviyyəsini inkişaf etdirmək üçün 33 yerli sahibkar xarici ölkələrdə təcrübə keçməyə və təhsil almağa göndərilib.



Qaldı yerlərdə sahibkarların problemlərinə, konfederasiyanın sədri deyir ki, özəl sektorun işinə daha çox yerli icra orqanları maneçilik törədirlər. Bunun da səbəbi onların bu sahədə az məlumatlı olmasıdır.



Ələkbər Məmmədov deyir ki, baş verən problemlərlə bağlı onlar dövlət orqanlarını vaxtaşırı məlumatlandırırlar.



Sahibkarlığın inkişafına dair dövlət proqramı 2004-2008-ci illəri əhatə edir. Və 2004-cü il fevralın 11-də imzalanıb. Proqrama görə, 2008-ci ildə ölkədə daxili məhsul istehsalının 85 faizi özəl sektorun payına düşməlidir.



Proqram 2008-ci ilə kimi ölkədə işsizlik probleminin qismən aradan qaldırılmasını nəzərdə tutur. Qeyd olunan müddətədək Azərbaycanda 600 minə qədər daimi iş yeri açmaq planlaşdırılır.
XS
SM
MD
LG