Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

Bəxtiyar Sadıqov: «Dəyişikliklərə 100 faiz «hə» deyilməlidir»


Müsahibimiz Milli Məclisin deputatı, Vətəndaş Cəmiyyəti təşviqat qrupunun üzvü Bəxtiyar Sadıqovdur.

- Bəxtiyar müəllim, 18 mart referendumundan nə gözləyirsiniz? Müxalifət xalqı boykota çağırır. Sizcə, xalq Konstitusiyaya dəyişikliklərə «hə» deyəcək, yoxsa belə deyək müxalifətin səsinə «hay» verəcək?

- Azərbaycan cəmiyyətinin daha bir siyasi yetkinlik nümayiş etdirəcəyini, vətəndaşların səsvermə məntəqələrinə gələcəyini, 29 maddəyə təklif olunan dəyişiklikləri bir-bir oxuyub hamısına «hə» cavabı verəcəyini gözləyirəm. Eyni zamanda gözləyirəm ki, referendum vaxtı saxtakarlıq törədiləcəyini, qarışıqlıq olacağını, kiminsə meydana çıxıb etirazını bildirəcəyini güman edənlər növbəti dəfə məyus olacaqlar.

- Onda hesab edirsiniz ki, 90 faiz dəyişiklərə «hə» deyəcək?

- Məncə, bu dəyişikliklər elə dəyişikliklərdir ki, 100 faiz «hə» deyilməlidir, nəinki 90.

- Yəni sizcə, boykot çağırışına qoşulan olmayacaq?

- Boykotu müxalifət özü üçün keçirir. Səsvermə məntəqəsinə getməyəcək, öz-özünü boykot edəcək. Referendum öncəsi ilk sınaq təşviqat qrupları yaradılanda oldu. Müxalifət iki qrup yaratdı, amma iqtidar yeddisini. Say nisbəti göstərir, kim referenduma tərəfdardır, kim yox. Kampaniya dövründə ən çox görüşləri keçirən də iqtidar qrupları oldu. Müxalifətsə barmaqla sayılacaq qədər görüş keçirdi. Nə bilim monarxiyadır, nə bilim anti-demokratik hərəkətdir deyirlər, hamısı cəfəngiyatdır, başqa bəhanə tapa bilmirlər. Özlərinin namizədi də yoxdur. Boykotla monarxiyadan başqa nə çöz desinlər?..

- Müxalifət Konstitusiyaya bir dəyişikliyi – bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyətin ləğvini keçmiş prezident Heydər Əliyevə qarşı çıxmaq kimi dəyərləndirir. Çünki bu məhdudiyyət onun zamanında qəbul edilən Konstitusiyada qəbul edilmişdi.

- O zaman Azərbaycanda totalitarizmin bərpası təhlükəsi vardı, dövlət müstəqilliyini tam bərpa etməmişdi. Amma son seçkilər göstərdi ki, Azərbaycan demokratiyanın inkişafı sahəsində böyük uğurlar əldə edib, böyük siyasi mədəniyyətə yiyələnib. Bu günsə keçmişi qaytarmaq, totalitarizmin bərpası mümkün deyil. Bizim xalqımız belə bir səviyyəyə çatıbsa, heç bir təhlükədən qorxmaq lazım deyil.

- Referendum sonrası bayram günlərinə düşür. Belə şərhlər var ki, hakimiyyət bilərəkdən referendumu bu günə salıb. İşdir nəticələrdən narazı qalanlar olarsa, bunu ifadə etmək imkanları olmasın, əhalinin başı bayrama qarışmış olsun.

- Yadınızdadırsa, 2003-cü ildə «Azadlıq» meydanına girdilər, insanlara qarşı zorakılıq oldu. Bu hava başlarında qalanlar hesab edirdilər ki, 2008-ci ilin 15 oktyabrında da bu hadisələr təkrarlanacaq. Amma görün, son beş ildə Azərbaycan xalqı mədəni və demokratik baxımdan nə qədər inkişaf edib, 500 kamera quraşdırılan məntəqəni dünya izlədi və gördü ki, seçicilər məntəqələrə necə axışır. Amerikadan iki müşahidəçiyə rast gəlmişdik, dedilər ki, Amerikada da bu cür demokratik, insan axını ilə müşahidə olunan seçki yoxdur. Ondan sonrakı gündə də nə etiraz, nə aksiya? Heç nə olmadı. Bu dəfə də belə olacaq…
XS
SM
MD
LG