Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:31

Bakının ilk tarzəni kim olub?


Mirzə Fərəc
Mirzə Fərəc
...20-25 ilin sözüdür. «İşıq» nəşriyyatında redaktor çalışırdım. İş otağına əlində əlyazmalar olan nurani bir qadın girdi və dedi: - babam haqqında xatirə yazıb gətirmişəm... Bu «baba» kim olsa yaxşıydı? – Azərbaycanın tar ifaçılığının banilərindən tarzən Mirzə Fərəc!..

Onu da deyim ki, «nurani qadın» – Ruqiyyə Rzayeva ilk baxışdan diqqətimi çəkdi. Yaşı 70-i ötmüşdü. Xanım-xatın bir görünüşü vardı. Üz-gözündən kübarlıq yağırdı. İşin axırı, evə getməyin vaxtıydı deyə, əlyazmanı tələsik vərəqləmək istədim və... sanki ovsunlandım. Evə - körpələrimin yanına gedəndə əlyazma da məndən «əl çəkmədi».

«Tarzən Mirzə Fərəc haqqında xatirələrim» kitabı 1986-cı ildə işıq üzü gördü
O dövrdə kitab buraxmaq müşkül iş idi. Mən, sadəcə, əlyazmaya müsbət rəy vermişdim. Bütün müşkülləri Ruqiyyə xanımın özü aşmış və həmin kitabı nəşr etdirə bilmişdi. Mənə bağışladığı nüsxədə belə yazmışdı: «Əzizim Sevda xanım! Bu kitabı nəşriyyatda ilk dəfə sizinlə nəşrə hazırladıq. Bunu mən heç vaxt unutmayıram. Ruqiyyə».

Mirzə Fərəc 1847-ci il martın 15-də doğulub
Ruqiyyə xanımın tarzən babası İçərişəhərdə dünyaya göz açıb. Qız Qalasının lap yaxınlığında yaşayırlarmış. Ata-anası tez öldüyündən balaca Fərəci də, bacı-qardaşlarını da dayısı saxlayır. İçərişəhərdəki ev satılır və Zərgərpalana köçürlər. Dayısı Fərəci ruhani görmək istədiyindən mollaxanaya qoyur. Ancaq... hər dəfə yan-yörədən musiqi səslənəndə, balaca Fərəc pəncərəyə dırmaşıb dərsi pozur... Buna dözməyən molla uşağı dayısına tapşırıb deyir: - Bundan ruhani olmaz. Apar, qoy çalğıçı olsun!..

Mirzə Fərəc öncə Bakı toylarında qoşa nağara çalarmış
O vaxtın, yəni 1850-ci illərin Bakı toyları aşıqsız-sazsız, zurna-qavalsız, qarmonsuz-qoşa nağarasız keçməzmiş. Tar hələ yox imiş...

Tar Bakıya necə gəldi?

İlk dəfə tarı Əli Şirazi adlı birisi İrandan gətirir. Fərəcin 13-14 yaşı olarmış. Ruqiyyə xanımın gümanına görə, babasının şirazlı Əliylə tanışlığı toyda baş tutur. Elə o gündən də qoşa nağara unudulur və yerini tara buraxır. Yəni Fərəc tara bir könüldən min könülə vurulur.

Mirzə Fərəc 5 simli Şiraz tarına 1 sim artırır
Tar çalmaq bir yana, Fərəc bu aləti düzəltməyi də öyrənir. Qoz və tut ağaclarından neçə-neçə tar «dünyaya gətirir». Ruqiyyə xanım deyir ki, Mirzə Fərəc uzandığı yerdə, həm də mizrabsız tar çalmağı sevərmiş. Tarını o vaxtkı dəblə xüsusi köynəkdə deyil, öz əliylə düzəltdiyi taxta qabda – futlyarda gəzdirərmiş. O, musiqi savadını artırmaq üçün dəfələrlə İrana gedər, oranın məşhur ifaçılarıyla görüşər, məclislərə qatılarmış.

1904-cü ildə Mirzə Fərəc Rəşt xanının qonağı olur
Bu xanın sarayında yerli musiqiçilərlə bakılı sənətçilərin yarışı təşkil edilir. Öncə iranlılar çalıb-oxuyur və sıra Mirzə Fərəcin dəstəsinə çatır. Ustad tarzən ta səhərəcən tarını dindirib məclisi əyləndirir. Yorulub-üzülən iranlılar sarayı tərk edirlər. Mirzə Fərəcə verilən bəxşişlər arasında sədəflə bəzənmiş və üzərində şahlıq rəmzi olan zərif tar da olur. Bu hədiyyə indi Azərbaycan tarixi muzeyində qorunur (yeri gəlmişkən, Mirzə Fərəcə bağışlanmış digər hədiyyə də - xanəndə Mirtağı Mirbabayevin qavalı da orada saxlanır).

«Mirzə Fərəc konservator imiş»
Bəstəkar Əfrasiyab Bədəlbəyli özünün «Musiqi lüğəti»ndə yazır: «Musiqiçilərimiz muğam ifaçılığına aid hər bir mübahisəli məsələ üzrə qəti və düzgün cavab almaq üçün çox vaxt məhz Mirzə Fərəcə müraciət etmişlər...O, muğamatın tarixi dəyişikliklərə uğraması fikri ilə qətiyyən razılaşmırmış...»

Mirzə Fərəcin antitar kampaniyası aparan bolşeviklərə cavabı: «Sizi bu tarımın böyük çanağından salıb kiçik çanağından çıxardaram!»
...Sovet dönəmində Mirzə Fərəc «Şərq Konservatoriyası»nda, Musiqi Texnikumunda dərs deyir. Tara qarşı qaralama kampaniyası başlayanda, özünə qapanır və «bütün günü qapını bağlayıb tar çalmaqla» etirazını bildirir. Hirsindən ta qan çıxanacan dodaqlarını dişləyir. Beləcə, günlər keçir və onun alt dodağında şiş yaranır. Həkimlər bu şişi yandırsalar da, faydası olmur.

Mirzə Fərəc 1927-ci il martın 25-də dünyasını dəyişir
Onu Çəmbərəkənd məzarlığında basdırsalar da, «Kirov parkı» salınanda qəbri Maştağaya köçürməyə məcbur qalırlar. Nəvəsi Ruqiyyə xanımın sözlərinə görə, antitar kampaniyası olmasaydı, babası çox uzun yaşayacaqdı, çünki: «Azca saçları ağarmışdı, canı saz idi. Dişləri yerindəydi, gözləri də yaxşı görürdü. Tarı Azərbaycan musiqisindən silmək istəyənlər babamın sakit həyatında fırtına yaratdılar...»

Mirzə Fərəc ən çox «Bayatı-Şiraz»ı sevərmiş
…«Bayatı-Şiraz» çalınarkən doluxsunar, sonra ağlayardı». Həmin muğamı elə ifa edərmiş ki, şirazlıların özünü mat qoyarmış. Mirzə Fərəc ustad ifaçılar yetirib: İçərişəhərli Mirzə Mənsur (ünlü tarzən Bəhram Mənsurovun atası) ...Salyanlı Şirin ...Hüseynqulu Sarabski və başqaları onun yetirmələridirlər.

Çox qonaqsevərmiş
...Bağına Hacı Hüsü, Mirzə Sadıqcan, Mirzə Məmmədhəsən, Cabbar Qaryağdıoğıu (birgə ifaları da olub), İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd və daha kimlər toplaşar və onunla ünsiyyətin dadını çıxararlarmış...

Bəstəkar Ağabacı Rzayeva Mirzə Fərəcin ilk nəvəsiymiş
...Ruqiyyə xanım babasından sözə başlar, amma sözü hər dəfə bacısı Ağabacıyla bitirərdi. Üzeyir bəyin sevimli tələbəsi olan Ağabacı Rzayeva tarzən babasının adını həmişə uca tutub. Bununsa bircə yolu var: Öz işində peşəkar olmaq və peşə əxlaqını heç vaxt yaddan çıxarmamaq!

Və bir qəribə incəlik
Mirzə Fərəc də, ömür-gün yoldaşı Güləndam xanım da mart ayında dünyaya gəlib, martda ailə qurub və elə martda da dünyadan köçüblər...
XS
SM
MD
LG